​Xamenei: "İrəliləyiş - dünyanın zülmkar qüvvələrinin həzm sistemində olmaq demək deyil"

​Xamenei: "İrəliləyiş - dünyanın zülmkar qüvvələrinin həzm sistemində olmaq demək deyil" İranın ali rəhbəri ölkəsində keçirilən seçkini "dini demokratiya" adlandırıb
Region
29 Fevral , 2016 10:53
​Xamenei: İrəliləyiş - dünyanın zülmkar qüvvələrinin həzm sistemində olmaq demək deyil

Bakı. 29 fevral. REPORT.AZ/ "İrəliləyiş - dünyanın zülmkar qüvvələrinin həzm sistemində olmaq demək deyil".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei parlament və Dioni Ekspertlər Şurası Məclisinə keçirilən seçkilərlə bağlı açıqlamasında bildirib.

İranın ali lideri vurğulayıb ki, 1979-cu il fevral inqilabından sonra İran xalqı 36-cı dəfə seçkidə iştirak edib. Ayətullah Seyid Əli Xamenei İranda keçirilən seçkini "dini demokratiya" adlandıraraq, bu siyasi kampaniyada fəallıq göstərdikləri üçün ölkə əhalisinə təşəkkür edib.

O, ölkə rəsmilərinə, istər parlament və Dini Ekspertlər Şurası Məclisinə, istərsə də hakimiyyətdə başqa vəzifələri tutanlara müraciət edərək, deyib ki, sadə yaşasınlar, düz olsunlar, milli-dövlət maraqlarını şəxsi və mövqe istəklərindən üstün tutmasınlar, əcnəbi müdaxilələr qarşısında şücaətli müqavimət göstərsinlər, xainlər və bədxahların planlarına islami inqilabçı reaksiya, təfəkkürlə cavab versinlər və cihad təbiətinin bu məsuliyyətini pozmasınlar, bunları özlərinə daimi proqram bilsinlər.

Xamenei irəliləyişi ölkənin əsas hədəfi adlandıraraq, vurğulayıb: "Zahiri irəliləyiş - istiqlal və milli şərəfi olmayan irəliləyiş qəbuledilməzdir".

Qeyd edək ki, 6 220 nəfər deputatlığa namizəd qeydə alınmışdı.

İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. Namizədin yaşı isə 30-75 arasında olmalıdır. 54 milyon 915 min seçicinin səs verməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərib.

İran parlamenti bir palatadan və 290 deputatdan ibarətdir. Deputatların səlahiyyət müddəti 4 ildir. Yeni parlament seçkilərdən 3 ay sonra - 2016-cı il mayın 27-də fəaliyyətə başlayacaq.

Ölkə konstitusiyasına əsasən, dini azlıqların, yəhudi, xristian və atəşpərəstlərin təmsilçilərinə kvota ayrılıb. X çağırış parlament seçkilərinə namizədlər arasında 9 erməni də var. Onların namizədliyini daşnaklar dəstəkləyir. Parlamentdə xristianlar üçün ayırılan 2 deputat yeri bir qayda olaraq ermənilərə verilir.

Dini Ekspertlər Şurası Məclisindəki (Məclise-Şuraye-Xübreqan) 88 yerə 161 namizəd iddia edirdi. Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir.

Şura ölkənin ən ali qurumudur. O, ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir. Ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi