Yuxarı

​Vladimir Putin Rusiyanın Suriyadakı uğurları və ABŞ-ın uğursuzluqlarından danışıb - VİDEO

Biz kiminsə bostanına daş atmaq istəmirik, lakin bu danılmaz faktdır

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Suriyada aparılan hərbi əməliyyatların uğurlu olduğuna əminliyini bildirib. O eyni zamanda terrorizm üzərində hələ ki, qələbə qazanılmadığını etiraf edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, "Valday" müzakirə klubunun iclasında çıxışı zamanı bildirib.

"Ümid edirik ki, bizim zərbə aviasiyamız və digər hədəfi məhvetmə vasitələrimizin Suriya ordusunun hücum əməliyyatları ilə əlaqələndirilmiş fəaliyyəti müsbət nəticələr verəcək", - deyə Rusiya prezidenti bildirib.

"Mənim və bizim hərbi ekspertlərin fikrincə belə bir nəticə artıq var. Bu, Suriyada terrorçuluğa qalib gəldiyimizi demək üçün kifayətdirmi? Xeyr. Belə bir iddia etmək üçün daha ciddi səy göstərmək lazımdır. Qeyd etmək istəyirəm ki, bunun üçün daha böyük birgə əmək tələb olunur", - deyə Rusiya lideri diqqətə çatdırıb.

O, həmçinin beynəlxalq koalisiyanın Suriyadakı fəaliyyətinə toxunub:

"Biz kiminsə bostanına daş atmaq istəmirik, amma hər halda koalisiya qüvvələri, başda ABŞ olmaqla demək olar ki, ilyarım orada zərbələr endirdi - 11-dən çox ölkə iştirak etdi, müxtəlif hədəflərə 500-dən artıq zərbə endirildi, lakin nəticə yoxdur. Bu, danılmaz faktdır.

Əgər bu müddət ərzində terrorçular Suriya və İraq ərazisində öz mövcudluqlarını gücləndiriblərsə, əvvəllər olduqları zonalarda möhkəmləniblərsə və mövcud olduqları coğrafiyanı genişləndiriblərsə, o zaman hansı nəticədən danışmaq olar".

"Bu baxımdan həmkarlarımız hələ ki, fikrimcə səmərəli bir şey etməyə müyəssər olmayıblar. Bizim və Suriya silahlı qüvvələrinin ilk əməliyyatları isə, hər halda nəticə verdi. Lakin bu kifayət deyil, ona görə, terrorçuluqla mübarizə aparmağı real olaraq istəyən region və ya ABŞ da daxil olmaqla qeyri-region ölkələri ilə səylərimizi birləşdirsəydik, çox yaxşı olardı", - deyə o vurğulayıb.

Daha sonra Rusiya prezidenti ölkəsinin Suriyada aparılan hərbi əməliyyatlardakı məqsədlərindən danışıb:

"Rusiyanın Suriyada yeganə məqsədi terrorçuluq ilə mübarizədir, İslamın bu və ya digər ardıcıllarına qarşı çıxmaq deyil. Moskva əhalisinin əksəriyyəti İslamın bu və ya digər təriqətlərini təmsil edən müxtəlif ölkələrlə xoş münasibətlər saxlayır. Biz heç bir fərq qoymuruq", - deyə o əlavə edib.

Bununla yanaşı Putin qeyd edib ki, Suriyada vəziyyət mürəkkəbdir, çünki hazırda orada müxtəlif qüvvələr, o cümlədən dini qüvvələr fəaliyyət göstərir.

"Biz işləməli olduğumuz reallıqları dərk edirik. Əgər İslamın müxtəlif istiqamətləri, müxtəlif nümayəndələri arasında müzakirələr sivil mahiyyət alarsa, biz öz missiyamızı yerinə yetmiş hesab edərik", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi