Türkiyə XİN terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə ilə bağlı hesabat açıqlayıb

Türkiyə XİN terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə ilə bağlı hesabat açıqlayıb Nazirlik: "Neft ixracı üçün nəzərdə tutulan qanunsuz kəmərin 300 km-i məhv edilib"
Region
13 Sentyabr , 2016 10:44
Türkiyə XİN terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə ilə bağlı hesabat açıqlayıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyənin Xarici İşlər Nazirliyi terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə ilə bağlı hesabat açıqlayıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, sənəddə Türkiyənin İŞİD-ə qarşı mübarizədə ilk günlərdən iştirak etdiyi, koalisiya qüvvələrinin müşahidə etməsi, döyüşməsi, hərbi təyyarələrin uçması və informasiya əldə etməsi üçün hava məkanını açdığı qeyd olunub.

Nazirlikdən bildirilib ki, bu çərçivədə 60 döyüş təyyarəsi, 1200 hərbçi Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üçün Türkiyə ərazisində yerləşdirilib.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələri "Fərat Qalxanı" əməliyyatı istisna olmaqla, bu ilin yanvarından İŞİD-in 487 hədəfini vurub, 86 terrorçu zərərsizləşdirilib. Hesabata əsasən, 2014-cü ildə Türkiyənin Suriya ilə sərhədində saxlanılan, qanunsuz neft ixracının həcmi 12,6 milyon litrdən, 887 min litrədək azalıb: "Neft ixracı üçün nəzərdə tutulan qanunsuz kəmərin 300 km-i məhv edilib".

Nazirliyin məlumatına görə, hazırda Türkiyənin bütün sərhədlərini 50 min hərbçi qoruyur: "Türkiyənin Suriya ilə sərhədlərindəki təhlükəsizlik tədbirləri çərçivəsində hərbçilərinin sayı 2014-cü ildə 12 min nəfər idisə, hazırda onların sayı 20 minə çatdırılıb".

Hesabatda qeyd olunur ki, 2011-ci ildən 2016-cı ilin fevralınadək 37 min 121 nəfərin ölkəyə daxil olması qadağan edilib. Eyni zamanda, 2016-cı ilin fevralından etibarən 3 min 128 nəfər ölkədən deportasiya olunub, 745 nəfərin isə Türkiyəyə girişinə icazə verilməyib.

Sənəddə bildirilib ki, Türkiyə-Suriya sərhədinə tikiləcək 192 km-lik beton divarın 93 km-i inşa olunub. 

Son xəbərlər

Orphus sistemi