Yuxarı

TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının V iclası Qazaxıstanda keçiriləcək

Gələn ilin fevral ayında Türkiyədə qurumun koordinasiya qrupunun toplantısı olacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakıda TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası öz işinə başlayıb. “Report” xəbər verir ki, iclasda quruma üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsi və tövsiyə qərarı müzakirə olunub.

İclasda ilk olaraq çıxış edən millət vəkili, komissiyanın sədr müavini, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Hüseynova bildirib ki, TürkPA artıq beynəlxalq təşkilatlar arasında kifayət qədər nüfuz qazanıb. Bu baxımdan quruma üzv ölkələr arasında informasiya mübadiləsinin təmin olunmasına ehtiyac yaranıb.

Millət vəkili, TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov isə deyib ki, bugünkü iclasda türk dünyasında baş verən proseslər bir daha gözdən keçiriləcək: “Bu gün türk dünyası arasındakı əlaqələr siyasi, ekoloji, ideoloji, iqtisadi, akademik baxımdan getdikcə güclənir. Etiraf edək ki, hazırda bütün türk dünyasını əhatə edən media formalaşmayıb və bu səbəbdən quruma üzv ölkələr arasında informasiya məkanının genişləndirilməsinə ehtiyac var”.

O, Özbəkistan və Türkmənistanın quruma üzv olmadığını xatırladaraq bildirib ki, bu ölkələrin də qurumun işində fəal iştirakı vacibdir: “Üzv ölkələrin ortaq televiziya kanalının olması vacibdir. Beləliklə, hər bir türkdilli ölkənin xalqı digər türkdilli ölkədə baş verən hadisələrdən xəbərdar olacaq və onu təhlil etmək imkanı qazanacaq. Bu, eyni zamanda xalqlarımız arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə də zəmin yaradacaq”.

Daha sonra iclasın gündəliyi səsə qoyularaq qəbul olunub.

TürkPA-ya üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsi ilə çıxış edən Qazaxıstan parlamentinin nümayəndəsi Aldan Smayıl bildirib ki, hesabat məruzəsi gələn il Qazaxıstanda keçiriləcək plenar sessiyaya təqdim olunacaq.

Türk Şurasının layihə direktoru Zamin Əliyev məlumat axınının gücləndirilməsi istiqamətində şuranın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, gələn ilin fevral ayında Türkiyədə koordinasiya qrupunun toplantısı keçiriləcək.

Xatırladaq ki, komissiyanın V iclası 2015-ci ildə Qazaxıstanda keçiriləcək.

Qeyd edək ki, iclas mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi