Yuxarı

​Türkmənlərin özünümüdafiə qüvvələri Kızıldağı geri qaytarıb

Türkmən döyüşçülər Bəşşar Əsəd qüvvələrinə aid iki tankı da ələ keçiriblər

Bakı. 27 noyabr. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejiminə müxalif türkmənlərin özünümüdafiə qüvvələri Bayırbucak türkmən bölgəsində yerləşən Kızıldağ təpəsini geri qaytarıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli mənbələr bildirib.

Məlumata görə, bölgədə şiddətli atışmalar səhər tezdən başlayıb. Səhər saat 06.00-da türkmənlərin özünümüdafiə qüvvələri Kızıldağa nəzarəti yenidən geri qaytarıblar. Xəbərdə bildirilib ki, onlar Əsəd rejiminə aid iki tankı da ələ keçiriblər.

Türkmənlərin sığındığı Yamadı qaçqın düşərgəsi isə Suriyadakı rejimin silahlıları və müttəfiqlərinin hücumu nəticəsində boşaldılır. Qaçqın türkmənlər Yamadıdan Arfalı kəndinə doğru hərəkət etməyə başlayıb.

Məlumata əsasən, Bəşşar Əsəd silahlılarına Suriyanın Lazkiye dəniz limanındakı Rusiya hərbi gəmilərindən açılan atəşlərlə dəstək verilir. Həmin atəş səsləri Türkiyənin Hatay əyalətinin Yayladağ şəhərinin mərkəzindən də eşidilir.

Qeyd edək ki, Rusiyanın döyüş təyyarələrinin hava hücumuna məruz qalan Kızıldağ ötən gün Əsəd silahlılarının nəzarətinə keçmişdi. Təpənin ələ keçirilməsində Bəşşar Əsəd rejiminin və İran silahlılarının iştirak etdiyi də bildirilir.

Məlumata görə, strateji əhəmiyyət daşıyan Kızıldağ Türkiyədən 5 km aralıda yerləşir. Bu təpənin şərq hissəsində yerləşən Yamadı kəndi isə Türkiyə sərhədinin 500 metrliyindədir. Rejim silahlıları müttəfiqlərin köməkliyi ilə bu təpəninin ətrafını da ələ keçirərlərsə, o zaman türkmənlərin 10 kəndi qarşı tərəfin top atəşinin altına düşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi