Bakı. 18 yanvar. REPORT.AZ/ Türkmənistan Mərkəzi Seçki Komissiyası ölkə prezidenti vəzifəsinə namizədlərin qeydiyyatını başa çatdırıb.
"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, prezident olmaq uğrunda 9 namizəd yarışacaq.
Namizədlər arasında Demokratlar Partiyasından hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov, Sənayeçilər və Sahibkarlar Partiyasından "Rısqal" Səhmdar Kommersiya Bankının İdarə Heyətinin sədri Bekmırat Atalıyev, Aqrar Partiyadan partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Orazov var.
Partiyalarla yanaşı, vətəndaş təşəbbüs qrupları da prezidentliyə namizədlərini irəli sürüb. Bunlar Marı vilayətinin həkimi (administrasiya başçısı - red.) Cumanazar Annayev, Seydi şəhər NEZ-in direktoru Ramazan Durdıyev, Daşoğuz vilayətinin həkim müavini Meretdurdı Qurbanov, Axal vilayətinin İqtisadiyyat və İnkişaf Baş İdarəsinin rəisi Sərdar Cəlilov, "Qaraboğazsulfat" İstehsalat Birliyinin baş direktoru Süleyman Nurnepesov və Dövlət Qida Sənayesi Birliyinin sədr müavini Maksat Annanepesovdur.
Qeyd edək ki, ölkədə prezident seçkisi fevralın 12-nə təyin edilib.