Türkiyənin millət vəkili: “Çevrilişə cəhd edənlərə ən ağır cəzalar, hətta edam da tətbiq edilməlidir ”

Türkiyənin millət vəkili: “Çevrilişə cəhd edənlərə ən ağır cəzalar, hətta edam da tətbiq edilməlidir ” “Komandirlər əsgərlərə öldürün əmrini verdilər, onlar da insanları öldürdülər”
Region
22 İyul , 2016 11:45
Türkiyənin millət vəkili: “Çevrilişə cəhd edənlərə ən ağır cəzalar, hətta edam da tətbiq edilməlidir ”

Ankara. 22 iyul. REPORT.AZ/ “Öz xalqına, dövlətinə, prezident sarayına, parlamentinə, polis şöbələrinə, təhlükəsizlik təşkilatlarına, bələdiyyəsinə, televiziyalara, dövlətin xüsusi xidmət orqanlarının binalarına güllə atmağın cəzası nədirsə o da verilməlidir”. 

Bunu “Report”un Türkiyə bürosunun müxbirinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, millət vəkili Hasan Turan bildirib.

Onun sözlərinə görə, bu, terror təşkilatlarının belə həyata keçirə bilmədiyi, bəlkə də istəyib reallaşdıra bilmədiyi işləri dövlətin imkanlarından istifadə edərək gerçəkləşdirməyə çalışanlara nə cəza versən azdır: “Onlara ən ağır cəzalar vermək lazımdır, hətta edam da”. 

H.Turan qeyd edib ki, olanlar bütün vasitələrdən istifadə etməklə silah gücünə çevrilişə cəhd ediblər: “Komandirlər əsgərlərə öldürün əmrini verdilər, onlar da insanları öldürdülər. Nəticədə 200-dən çox insan şəhid oldu və minlərlə vətəndaşımız yaralandı. Axı, biz nə etmişdik? Son 15 ildə Türkiyənin, xalqımızın, bütün ətrafımızdakı türklərin etibarını yüksəltmək üçün çalışırdıq. Türkiyəni bir dövrdən başqa bir dövrə keçirmək üçün gecə-gündüz çalışmışıq. Prezidentimiz, hökumətimiz Türkiyəyə bir çox əsər qazandırıb. Lakin bu xalqın yüksəlməsindən, firəvan həyat yaşamasından narahat olanlar bütün vasitələrdən istifadə etməklə bizi məğlubiyyətə uğratmaq üçün çox çalışdılar. Bəli, onlar bütün vasitələrdən istifadə etdilər. Bəzən bürokratiya ilə, bəzən siyasi qarşıdurmalarla, bəzən də terror hadisələrindən və terroçulardan istifadə etməklə düz 15 il bizi sarsıltmaq istədilər. Lakin bütün işləri nəticəsiz qaldı. Sonda isə hərbi çevrilişə cəhd etdilər”. 

Millət vəkili əlavə edib ki, dövlət çevrilişinə cəhd içəridə bəslənilən “oyuncaq təşkilat” üzvlərindən istifadə edilərək həyata keçirmək planlaşdırılıb: “Bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Bir “oyuncaq təşkilat”, öz iradəsi ilə hərəkət etməyən, əmr və təlimatlarını xaricdən alan, duyğularını satan, bu xalqın sıravi üzvlərindən biri kimi davranan, adları bu xalqın adı ilə eyni olan, lakin qlobal güc dövlətlərindən təlimat alaraq dünyanın yeraltı və yerüstü qaynaqlarını yağmalamağı özlərini istiqamət seçiblər. Müstəmləkəçiliyi özləri üçün üsul halına çevirən, insanları qətl etməyi sadəcə statistik nəticə kimi dəyərləndirən, vicdansız, qlobal düşüncənin oyuncağına çevrilən bu təşkilat üzvləri bizi, xalqımızı, vətənimizi Türk və İslam dünyasını qorusun deyə onlara təhkim olunan silahları xalqa tərəf yönəltdilər. Türk Silahlı Qüvvətlərinin içərisindən belə bir qrupun çıxmasına çox pis olduq. Lakin xalqımız dərin düşüncəsi və yüksək bacarığı ilə çevrilişə cəhd edənlərə elə bir dərs verdi ki, onları dünya ictimaiyyəti qarşısında məyus etdik. Bir daha xalqımıza təşəkkür edirik. Türkiyə parlamenti bombalanan zaman xalqımız bura axışaraq çevrilişə cəhd edənlər tərəfindən yağdırılan güllələrin qabağına çıxdılar. Dövlət və xalq birlikdə bu cəhdin qarşısını ala bildik”.

H.Turan Azərbaycan Prezidentinə və xalqına Türkiyəyə dəstək nümayiş ediyinə görə, təşəkkür edib: “Mən sizin vasitənizlə başda Prezident İlham Əliyev olmaqla bütün xalqınıza təşəkkür edirəm. Çünki həm Azərbaycan hökuməti, həm də xalq bu hadisələr zamanı Türkiyəyə böyük dəstək nümayiş etdilər”.

Son xəbərlər

Orphus sistemi