​Türkiyənin iqtisadiyyat naziri Rumıniyaya səfər edəcək - FOTO

​Türkiyənin iqtisadiyyat naziri Rumıniyaya səfər edəcək - FOTO Nihat Zeybekçi rumıniyalı həmkarı və iş adamları ilə görüşəcək
Region
15 Avqust , 2016 05:32
​Türkiyənin iqtisadiyyat naziri Rumıniyaya səfər edəcək - FOTO

Buxarest. 15 avqust. REPORT.AZ/ Avqustun 17-də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Rumıniyaya səfəri nəzərdə tutulur.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş məlumat verib. Səfir bildiribki, 15 iyul hadisələrindən sonra türkiyəli nazirin Buxarestə səfər edərək həm dövlət orqanları, həm də bir sıra iş adamları ilə görüşməsi, Türkiyənin ticarət tərəfdaşı olan Rumıniyaya istiqamətlənən çox önəmli bir mesajdır.

“İlk növbədə cənab nazir rumıniyalı həmkarı Kostin Borkla, daha sonra bu ölkədəki türk və rumın iş adamları ilə görüşəcək. Bununla yanaşı, Rumıniya mətbuatına Türkiyədəki dövlət çevrilişinə cəhd və FETÖ-nun iç üzü, kimliyi barədə məlumat verəcək. Həmçinin Buxarestdəki Türk Şəhid Məzarlığının təmirdən sonra simvolik olaraq rəsmi açılışını edəcək”, - deyə Osman Koray Ertaş vurğulayıb.

Türkiyə Rumıniyanın Avropa Birliyindən sonra ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 5,5, 2014-cü ildə isə bu rəqəm 6,5 milyard dollar olub. Osman Koray Ertaş bildirib ki, Türkiyə və Rumıniya prezidentləri qısa zamanda ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması ilə bağlı göstəriş veriblər.

“Rumıniya ilə güclü olan bu iqtisadi əlaqələrimizi daha da irəli aparmağa qərarlıyıq. Bilirsiniz ki, SOCAR-ın da burda çox önəmli bir investisiyası var. SOCAR kimi bizim də başqa şirkətlər burada sərmayə yatırıblar. Xarici dövlətlərin Rumıniyada açdığı şirkətlər arasında Türkiyə 3-cü yerdə qərarlaşıb, 14 minə yaxın türk şirkəti rəsmi qeydiyyatdan keçib”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, Türkiyə son illər Rumıniya iqtisadiyyatına ümumilikdə 6 milyard dollar investisiya yatırıb.

Son xəbərlər

Orphus sistemi