Türkiyənin baş naziri: "Suriyalılar üçün açıq qapı siyasətini davam etdirəcəyik"

Türkiyənin baş naziri: "Suriyalılar üçün açıq qapı siyasətini davam etdirəcəyik" 23-24 may tarixində İstanbulda Ümumdünya Humanitar Forumu keçiriləcək
Region
4 Fevral , 2016 15:57
Türkiyənin baş naziri: Suriyalılar üçün açıq qapı siyasətini davam etdirəcəyik

Bakı. 4 fevral. REPORT.AZ/ "Suriya problemini həll edə bilməsək, növbəti nəsil bunu bəşəriyyətin faciəsi kimi qələmə verəcək".

"Report" xəbər verir ki, bunu Londonda Suriya üzrə "Suriya və regiona dəstək" adlı donor konfransında çıxışı zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Türkiyənin Baş naziri Suriyadakı münaqişəni II Dünya Müharibəsindən sonra ən böyük humanitar böhran adlandırıb.

O, qeyd edib ki, Türkiyə bu günə qədər 2,5 milyon suriyalıya sığınacaq verib. Baş nazir Türkiyədə suriyalı qaçqının olmadığı şəhərin olmamasını vurğulayıb: "Suriya ilə sərhəddə yerləşən Kilis şəhərində indi əhalinin 60%-i artıq suriyalıdır. Minlərlə adam Türkiyə ərazisinə daxil olmaq icazəsi gözləyir. Biz açıq qapı siyasətini davam etdirəcəyik və bizə pənah gətirənlərdən hansı millətə mənsub olduqlarını soruşmayacağıq".

Ə.Davudoğlu, həmçinin ölkəsinin suriyalılar üçün hər cür imkan yaratdığını qeyd edib: "Türkiyə hər şeyini suriyalılarla paylaşacaq. Amma eyni zamanda Suriyada olub humanitar yardıma ehtiyacı olanları da təmin etmək lazımdır. Buna mane olanlar qatillərdir. Madaya, Aleppo kimi şəhərlərdə yaşayanlar tapa bilsələr ot yeyirlər, su əldə etmək imkanları yoxdur".

Sonda baş nazir 23-24 may tarixində İstanbulda ilk dəfə Ümumdünya Humanitar Forumu keçiriləcəyini və burada dünya üzrə ən vacib humanitar məsələlərin müzakirə olunacağını məlumat verib.

Son xəbərlər

Orphus sistemi