Yuxarı
    Bağlamaq

    Türkiyədə terror aktı nəticəsində şəhid olan hərbçilərin sayı 14 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-4

    Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 56 nəfər yaralanıb

    Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin Kayseri şəhərində baş verən terror aktı nəticəsində şəhid olanların sayı 14 nəfərə çatıb.

    "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. 

    Onun sözlərinə görə, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 56 nəfər yaralanıb: "Yaralananlardan 12-si hazırda reanimasiyadadır. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır".

    *** 14:44

    Türkiyənin Kayseri şəhərində baş verən terror aktında yaralananların sayı artıb.

    "Report" "Milliyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.

    Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: “Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub”.

    Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: “Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun”. 

    *** 12:10

    Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.  

    "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb. 

    *** 11:41

    Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 9 nəfər şəhid olub. 

    "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer "A Haber" telekanalına açıqlamasında bildirib.

    Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə deyib ki, "CNN Türk"ə terror aktının bomba yüklənmiş "Şahin" markalı avtomobil vasitəsilə həyata keçirilb. 

    AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.

    Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.

    *** 10:21

    Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.

    “Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.

    Partlayıcı qurğu quraşdırılmış minik avtomobili içərisində mülki geyimli hərbçilərin olduğu sərnişin avtobusuna çırpılıb, ölən və yaralananlar var.

    Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi