Yuxarı

Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı bu gün həlledici görüş olacaq

MHP koalisiya hökumətinin qurulması ilə bağlı 4 şərt irəli sürüb

Bakı. 17 avqust. REPORT.AZ/ Türkiyədə koalisiya hökumətinin qurulması məqsədilə deputatların sayına görə Böyük Millət Məclisində birinci yerdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu və 80 millət vəkilinə sahib Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədir Dövlət Bağçalı arasında görüş keçiriləcək. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş bu gün Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Partiya liderləri Türkiyə Böyük Millət Məclisinin binasında bir araya gələcək. Dünən Türkiyə baş nazirinin rəsmi iqamətgahında AKP və MHP nümayəndə heyətlərinin danışıqları olub. 

Qeyd edək ki, koalisiya hökumətinin qurulması ilə bağlı MHP 4 əsas şərt irəli sürüb:

- Türkiyə Respublikasının Konstitusiyasının ilk 4 maddəsi dəyişdirilə bilməz və görüşdə bu, təklif edilməməlidir (1.Türkiyədə dövlət forması respublikadır. 2.Türkiyə Cümhuriyyəti cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan hüquqlarına hörmət, Atatürk millətçiliyinə bağlı, başlanğıcda ifadə edilən təməl prinsiplərə söykənən, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir. 3.Türkiyə dövləti, ölkəsi və milləti ilə bölünməz bir bütündür. Dövlət dili türk dilidir. 4.Konstitusiyanın 1, 2 və 3-cü maddələri dəyişdirilə bilməz və dəyişdirilməsi təklif oluna bilməz). Bu, MHP-nin imtina etməyəcəyi əsas şərtidir;

- Həll prosesi (çözüm sürəci) bəhanə gətirilmədən aradan qaldırılmalıdır;

- 2013-cü il dekabrın 17-25-də rüşvətxorluq və korrupsiya ilə bağlı açılan cinayət işlərinə yenidən baxılmalıdır;

- Prezident konstitusiya üzrə vəzifəsini icra etməli və ondan kənara çıxmamalıdır.

MHP bildirib ki, bu şərtləri qəbul edildiyi halda AKP ilə koalisiya hökuməti qurmağa hazırdır.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini Əhməd Davudoğluna tapşırıb.

Koalisiya hökumətinin qurulması üçün Ə.Davudoğlu ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında avqustun 10-da keçirilən sonuncu görüş uğrusuz başa çatıb. 

AKP-MHP görüşü nəticəsiz başa çatarsa, o zaman AKP lideri CHP ilə koalisiya hökuməti qurmaq istiqamətində görüşə yenidən cəhd edə bilər. Bugünkü və CHP ilə ehtimal edilən görüşlər nəticəsiz başa çatarsa, o zaman Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq. Bu halda parlament növbədənkənar seçkinin keçiriləcəyi günün tarixi haqda qərar qəbul edəcək.

Qeyd edək ki, avqustun 23-də koalisiya hökumətinin qurulması üçün verilən möhlət başa çatır. Bugünkü görüş indiki parlamentin də taleyini həll edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi