​Nazir: “Baş nazirimiz çox gözəl açıqlamalar edəcək” - YENİLƏNİB

​Nazir: “Baş nazirimiz çox gözəl açıqlamalar edəcək” - YENİLƏNİB Türkiyədə AKP ilə MHP arasında koalisiya görüşü başa çatıb
Region
17 Avqust , 2015 19:29
​Nazir: “Baş nazirimiz çox gözəl açıqlamalar edəcək” - YENİLƏNİB

Bakı. 17 avqust. REPORT.AZ/ “Baş nazirimiz çox gözəl açıqlamalar edəcək”. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən əmək və sosial müdafiə naziri Faruk Çelik deyib. 

*** 19:01

Bu gün saat 14.20-da (Bakı vaxtı ilə 16.20-da) koalisiya hökumətinin qurulması məqsədilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında görüş başa çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş 2 saat 26 dəqiqə çəkib. Əhməd Davudoğlunun Bakı vaxtı ilə saat 19:30-da açıqlama verəcəyi gözlənilir.

Görüş Türkiyə Böyük Millət Məclisinin binasında keçirilib. Dünən isə Türkiyə baş nazirinin rəsmi iqamətgahında AKP və MHP nümayəndə heyətlərinin görüşü olub.

Qeyd edək ki, koalisiya hökumətinin qurulması ilə bağlı MHP 4 əsas şərt irəli sürüb:

- Türkiyə Respublikasının Konstitusiyasının ilk 4 maddəsi dəyişdirilə bilməz və görüşdə bu, təklif edilməməlidir (1.Türkiyədə dövlət forması respublikadır. 2.Türkiyə Cümhuriyyəti cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan hüquqlarına hörmət, Atatürk millətçiliyinə bağlı, başlanğıcda ifadə edilən təməl prinsiplərə söykənən, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir. 3.Türkiyə dövləti, ölkəsi və milləti ilə bölünməz bir bütündür. Dövlət dili türk dilidir. 4.Konstitusiyanın 1, 2 və 3-cü maddələri dəyişdirilə bilməz və dəyişdirilməsi təklif oluna bilməz). Bu, MHP-nin imtina etməyəcəyi əsas şərtidir;

- Həll prosesi (çözüm sürəci) bəhanə gətirilmədən aradan qaldırılmalıdır;

- 2013-cü il dekabrın 17-25-də rüşvətxorluq və korrupsiya ilə bağlı açılan cinayət işlərinə yenidən baxılmalıdır;

- Prezident konstitusiya üzrə vəzifəsini icra etməli və ondan kənara çıxmamalıdır.

MHP bildirib ki, bu şərtləri qəbul edildiyi halda AKP ilə koalisiya hökuməti qurmağa hazırdır.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini Əhməd Davudoğluna tapşırıb.

Koalisiya hökumətinin qurulması üçün Ə.Davudoğlu ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında avqustun 10-da keçirilən sonuncu görüş uğrusuz başa çatıb.

AKP-MHP görüşü nəticəsiz başa çatarsa, o zaman AKP lideri CHP ilə koalisiya hökuməti qurmaq istiqamətində görüşə yenidən cəhd edə bilər. Bugünkü və CHP ilə ehtimal edilən görüşlər nəticəsiz başa çatarsa, o zaman Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq. Bu halda parlament növbədənkənar seçkinin keçiriləcəyi günün tarixi haqda qərar qəbul edəcək.

Qeyd edək ki, avqustun 23-də koalisiya hökumətinin qurulması üçün verilən möhlət başa çatır. Bugünkü görüş indiki parlamentin də taleyini həll edəcək.

Son xəbərlər

Orphus sistemi