Türkiyənin Şanlıurfa vilayətində terror aktı: ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB 4 - VİDEO

Türkiyənin Şanlıurfa vilayətində terror aktı: ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB 4 - VİDEO Əsas hədəf Türkiyə ilə həmsərhəd olan Suriyanın Kobani şəhərinə yollanan gənclər olub
Region
21 İyul , 2015 01:38
Türkiyənin Şanlıurfa vilayətində terror aktı: ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB 4 - VİDEO

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilən teror aktı nəticəsində ölənlərin sayı 31-a çatıb. "Report"un “NTV” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin müavini Numan Kurtulmuş bildirib.

Daxili Işlər Nazirliyi yaralı sayısının 100-a çatdığını təstiq edib. Yaralılardan bir hissəsinin vəziyyəti ağırdır.

Şanlıurfa valisi İzettin Küçük partlayışın kamikadze tərəfindən törədildiyini bildirib.

Əsas hədəf isə Türkiyə ilə həmsərhəd Kobani şəhərinə yollanan gənclər olub.

*** 23:01

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin baş naziri Ahmet Davutoğlu bu gün Şanlıurfa vilayətinin Suruç qəsəbəsində baş verən qanlı partlayışın terrorçu İŞİD qruplaşmasının sifarişi ilə həyata keçirildiyini istisna etməyib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davutoğlu bildirib ki, hadisə yerində toplanan dəlillər və ilkin məlumatlar qanlı hadisənin İŞİD-nin sifarişi ilə baş tutduğunu göstərir.

Hökümət başçısı: "Bu cinayət bütün Türkiyəni hədəfə alıb və cavabsız qalmayacaq" deyə vurğulayıb.

Qeyd edək ki, partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. Hadisə yerində müstəntiqlərin və əməliyyatçıların işlədiyi xəbər verilir.

Suriyanın sərhədyanı Kobani şəhəri Türkiyənin Suruç qəsəbəsinin yaxınlığında yerləşir. Ötən ilin sentyabr ayından Kobani şəhəri İŞİD silahlıları ilə kürd birlikləri arasında döyüş meydanına çevrilib.

*** 16:07

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin Şanlıurfa vilayətinin Suruç qəsəbəsində baş verən partlayışla bağlı ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yazılı açıqlamada partlayışda 27 insanın öldüyü, 100-dən artıq şəxsin isə yaralandığı bildirilib. 

Açıqlamada o da vurğulanır ki, ölənlərin sayının artacağı istisna edilmir. Xəstəxanalarda yaralıların müalicəsi davam etdirilir. Hadisənin baş vermə səbəblərini araşdırmaq üçün müvafiq qrup yaradılıb: "Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirlər görülüb". 

Nazirlikdən o da bildirilib ki, tez bir zamanda cinayətkarlar tapılacaq və məhkəmə qarşısına çıxarılacaq.

*** 15:51

"Reuters" agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 20-ni ötüb. Yaralıların sayı isə 50-dən artıqdır.

*** 15:22 

Türkiyənin Şanlıurfa vilayətinin Suruç qəsəbəsində partlayış baş verib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Yaralılar Suruç və Şanlıurfa xəstəxanalarına aparılıb. Partlayış nəticəsində ətrafdakı binaların şüşələri də sınıb.

Təxminən 15 nəfərin öldüyü, 45 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilir.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları partlayışdan sonra ətrafda təhlükəsizlik tədbirlərini gücləndirib.

Son xəbərlər

Orphus sistemi