Yuxarı

Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi nəticəsində bağlanan qurumların sayı açıqlanıb - ƏLAVƏ OLUNUB

Şübhəlilər fövqəladə vəziyyət rejimi müddətində təcridxanada yalnız 30 gün saxlanıla bilər

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi nəticəsində ölkə ərazisində bağlanan qurumların sayı açıqlanıb. 

"Report" "Haberturk"e istinadən xəbər verir ki, fövqəladə vəziyyət çərçivəsində qəbul edilən tədbirlərə dair qanun hökmündə ilk fərman "Resmi Gazete"də dərc olunub. 

Sənədə əsasən, 934 məktəb, 15 universitet, 109 tələbə yataqxanası, 104 vəqf, 1 125 dərnək, 35 səhiyyə müəssisəsi, 19 həmkarlar təşkilatı olmaqla ümumilikdə 2 341 qurum bağlanıb.

Eyni zamanda, şübhəlilər fövqəladə vəziyyət rejimi müddətində məhkəməyə göndərilməsi üçün lazım olan müddət istisna olmaqla təcridxanada yalnız 30 gün saxlanıla bilər. Bundan əvvəl həmin müddət 48 saat idi. Həmçinin, məhbusların vəkillə görüşməsi də qeydiyyata alınacaq.

Bundan əlavə, saxlanılan hərbçilər vəzifə və rütbələrindən asılı olmayaraq, dövlət məmurları da daxil olmaqla bütün şübhəli, zərər çəkən və şahidlərin ifadələri eyni məhkəmədə alına bilinəcək.  

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ölkə ərazisində 3 ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi