Yuxarı

Türkiyədə dövlət çevrilişinə cəhddən zərərçəkənlərə ödəniləcək təzminatın məbləği açıqlanıb

Ölənlərin ailələrinə 32 640 TL, yaralananlara 3 916 TL, əlil qalanlara isə 47 000 TL birdəfəlik maddi yardım veriləcək

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı ölən və yaralanan mülki vətəndaşların ailələrinə ödəniləcək təzminatın məbləği açıqlanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təzminat "Terror və terrorizmlə mübarizə nəticəsində yaranmış zərərlərin qarşılanması haqqında" qanuna əsasən ödənəcək. 

Məlumata görə, hadisələr zamanı ölənlərin ailələrinə 32 640 TL, yaralananlara 3 916 TL, əlil qalanlara isə 47 000 TL birdəfəlik maddi yardım veriləcək. 

Bundan əlavə, yaralananlara iş qabiliyyətinin itirilməsinə görə əlillik dərəcəsinə uyğun olaraq birdəfəlik təzminat ödəniləcək. Belə ki, I qrup əlilə 31 987 - 47 000 TL, II qrup əlilə 16 320 - 31 334 TL və III qrup əlilə isə 2 611 - 15 667 TL məbləği arasında pul veriləcək. 

Eyni zamanda, ölənlərin ailələri və iş qabiliyyətini tamamilə itirənlərə aylıq müavinət ödəniləcək. Belə ki, ölənlərin ailələrinə 885 TL, iş qabiliyyətini tamamilə itirən I qrup əlilə 885 TL, II qrup əlilə 708 TL, III qrup əlilə isə 531 TL aylıq müavinət veriləcək. 

Ölən və yaralanan mülki vətəndaşların ailələri təzminatı almaq üçün 60 gün müddətində valiliyə müaciət etməlidirlər. 

Qeyd edək ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 1 536 nəfər yaralanıb. Ölənlərdən 179, yaralılardan 1 391 nəfəri isə mülki vətəndaşdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi