Bakı. 5 may. REPORT.AZ/ "Qərbi Azərbaycan əyaləti Türkiyə sərhədinə yaxın və qonşu bölgə olduğundan ölkəmiz üçün önəmlidir. Biz Qərbi Azərbaycanla iqtisadi, ticari, mədəni və turizm sahələrində sıx əlaqə qurmaq istəyirik". "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin İrandakı səfiri Rıza Hakan Tekin Qərbi Azərbaycan əyalətinin valisi ilə görüşdən sonra bildirib.
Xəbərə görə, səfir deyib ki, Türkiyə ilə İran arasında əlaqələrin qurulmasında Qərbi Azərbaycan əyaləti (mərkəzi Urmiya şəhəridir) önəmli və təsiredici rola malikdir.
Məlumatda bildirilib ki, səfir Rıza Hakan Tekin mayın 5-də Qərbi Azərbaycanın mərkəzi Urmiya şəhərində olub və əyalətin valisi ilə görüşdən məmnun qaldığını da vurğulayıb.
Xatırladaq ki, İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə, Azərbaycan Respublikası və İraqla 891 km uzunluğunda ortaq sərhədi var.