Yuxarı

Türkiyə prezidenti: "Suriyadakı rejim İŞİD-i dəstəkləyərək, ondan öz xaqlına qarşı istifadə edir"

Rəcəb Tayyib Ərdoğan: İstər İŞİD, istər PKK, istər DHKP-C olsun, bütün terrorçu qruplara qarşı birlikdə mübarizə aparılmalıdır

Bakı. 10 iyul. REPORT.AZ/ "İŞİD Suriyadakı rejim tərəfindən dəstəklənən və öz xalqına qarşı istifadə edilən bir terror qrupudur".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrin Ankaradakı səfirlərinə verdiyi iftar zamanı etdiyi çıxışında bildirib.

O bildirib ki, Suriyada 5 ildir davam edən hadisələr həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təhdid edir. Türkiyə prezidentinin sözlərinə görə, Suriyadakı rejim İŞİD-dən demokratiya, azadlıq tələb edən və şərəfi uğrunda mübarizə aparan xalqa qarşı yararlanır: "Bu qrupun insanlıqdan uzaq vəhşiliklərini bir daha qınayıram. Onların etdiklərinin dinimiz, əxlaqımız, vicdanımız və mədəniyyətimizlə heç bir əlaqəsi yoxdur. İnşallah, bu xərçəng hüceyrəsindən birlikdə qurtulacağıq. Türkiyə sərhədləri yaxınlığında nə terrorun kök salmasına, nə də birtərəfli fəaliyyətlərə razı olacaq. Suriyada demoqrafik dəyişiklikləri heç vaxt qəbul etməyəcəyik".

O qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələyə yalnız İŞİD prizmasından yanaşmamalıdır: "Suriyadakı problem tam həll edilməyənə və bu yöndə ölkədə sabitlik yaranmayanadək terrorçu qrupların təsiri davam edəcək. 300 min insanın ölümünə səbəb olan bir rejimin müdafiə edilməsi insanlıqdan və vicdandan uzaqdır. Bu əməl İslami deyil. Odur ki, Suriyadakı rejimin beynəlxalq aləmdə təqdir edilməsinə əsla yer yoxdur".

R.T.Ərdoğan deyib ki, Türkiyə etnik ayrı-seçkilik etmədən İraq və Suriyadan olan qaçqınları qəbul edib: "Hazırda İraqdan 300 min nəfər, Suriydan bir milyon 700 min nəfər olmaqla iki milyon insan Türkiyəyə sığınıb. Ölkələrini tərk edən suriyalıların yarıdan çoxu hazırda Türkiyədədir. Qərb dövlətləri isə bir yerdə 250 minə yaxın suriyalı və iraqlı qaçqını qəbul edib".

Türkiyə prezidenti bütün terror təşkilatlarına eyni yanaşmanın və mübarizə üsulunun tətbiq olunmasını vacib sayır: "Mənim terrorçum yaxşı, səninki pisdir"- belə anlayış olmaz. Onlar hər ölkədə eynidir. İstər İŞİD, istər PKK, istər DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası -Cəbhəsi - "Report") olsun, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır".

İyulun sonunda Çinə səfər edəcəyini bildirən R.T.Ərdoğan deyib ki, Türkiyə bütün soydaşları və qardaşları kimi Çindəki uyğur türklərinin də sonunadək yanındadır: "Uyğur Muxtar Bölgəsindəki qardaşlarımızla bağlı çətinlikləri ən yüksək səviyyədə deyirik, bunu davam etdirəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi