Yuxarı

​Türkiyə prezidenti baş nazir Əhməd Davudoğlunun istefasına münasibət bildirib

Rəcəb Tayyib Ərdoğan: Öz adımdan və millətim adından gördüyü işlərə görə hörmətli Davudoğluna təşəkkürlərimi bildirirəm

Bakı. 6 may. REPORT.AZ/ "Avropa İttifaqı Türkiyə ilə vizanın götürülməsi qarşılığında terrora qarşı mübarizə qanununu dəyişdirməyimizi istəyir. Siz orada terrorçulara çadır quracaqsınız (Belçikada və Avropanın başqa şəhərlərində terrorçu PKK-nın zərərsizləşdirilmiş silahlılarına qurulan yas çadırlarını nəzərdə tutur - "REPORT"), sonra da gəlib, bizə viza şərti irəli sürəcəksiniz?!".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eyub bələdiyyəsində sosial xidmətlər üçün binanın açılış mərasimində bildirib.

"Baxaq, görək. Biz yolumuzla gedirik. Sən yolunla get. Kiminlə anlaşa bilirsən, get onunla anlaş", -deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, Türkiyənin baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyi haqda dediklərinə toxunub: "Bu günlərdə məlum çətinlikləri yaşayırıq. Birliyimizi daha da gücləndirməliyik. AKP qurultay keçirmək haqda qərar qəbul edib. Hörmətli baş nazir də namizəd olmayacağını açıqladı. Bu qərarın xeyirli olmasını Allahdan təmənna edirəm. Baş nazirə öz adımdan və millətim adından gördüyü işlərə görə təşəkkür edirəm.

Belə vəzifələr bayraq yarışıdır. Mən də bunu Güldən almışdım (AKP sədrliyini və Türkiyənin 11-ci prezidenti Abdullah Gülü nəzərdə tutur- "REPORT").

40 illik mübarizə dostlarımın olduğu bir partiya ilə yaxından maraqlanmağım bəzilərinin narahat edir. Hər dəyişiklik bir həyəcan gətirir".

Qeyd edək ki, Əhməd Davudoğlu istefa verdikdən sonra ABŞ və Avropa İttifaqı Türkiyə ilə Aİ arasında qaçqın və viza məsələlərində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi