Türkiyə prezidenti İsrail səfirinin etimadnaməsini qəbul edib

Türkiyə prezidenti İsrail səfirinin etimadnaməsini qəbul edib O, “Mavi Mərmərə” hadisəsindən sonra İsrailin Türkiyədəki ilk səfiri olacaq
Region
5 Dekabr , 2016 15:20
Türkiyə prezidenti İsrail səfirinin etimadnaməsini qəbul edib

Bakı. 5 dekabr. REPORT.AZ/ İsrailin Türkiyəyə təyin edilən yeni səfiri Eytan Naeh etimadnaməsini ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

“Report” DHA-ya istinadən xəbər verir ki, Eytan Naeh noyabrın 15-də bu vəzifəyə təyin olunub. O, “Mavi Mərmərə” hadisəsindən sonra İsrailin Türkiyədəki ilk səfiri olacaq.

E.Naeh 1993-cü ildə Türkiyədə çalışıb. 1999-cu ildə İsrail Xarici İşlər Nazirliyində türk-yunan əlaqələri və Kipr problemi üzrə işləyib. Həmçinin İsrailin Azərbaycandakı səfiri və İsrail Nazirlər Kabinetində də müxtəlif vəzifələrdə çalışıb. O, 2013-cü ildən İsrailin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Son xəbərlər

Orphus sistemi