Yuxarı

Türkiyə prezidenti: "İranın ixrac etdiyi təbii qazın 95%-ni biz alırıq"

Prezidentlərin görüşündə 8 müqavilə, bir razılaşma imzalanıb

Bakı. 7 aprel. REPORT.AZ/ "Ən bahalı təbii qazı İrandan alırıq, bu nöqtədə olmaq istəməzdik". "Report" "Hüriyyət"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, görüşdə 8 müqavilə, bir razılaşma imzalanıb. "Bölgə od içindədir. Bunlardan danışdıq. Terroru dəyərləndirdik. Siyasi nöqtələrdə atacağımız müştərək addımlardan danışdıq. Təəssüf ki, iqtisadi sahədə əməkdaşlığa dair məlum bir sürəti itirdik", - Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan bildirib ki, tərəflərin əsas hədəfi iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmaqdır: "Ancaq bu məsələdə geridəyik. Çox fərqli addımlar atmaq istəyirik. Bu addımı atmaq üçün tərəflərin iradəsi var. Amma burada da gecikmələr olur. Onları aşmaq istəyirik. Ən bahalı təbii qazı İrandan alırıq. İranın ixrac etdiyi təbii qazın 95%-ni biz alırıq. Qiymət baxımından ən bahalı təbii qazı idxal edirik. Bu qiymət ucuzlaşarsa, daha çox təbii qaz alarıq".

İran prezidenti isə deyib: "Qarşılıqlı sərmayə qoyuluşundan, sərhəd təhlükəsizliyindən danışdıq. Bu müzakirələri çox həssas dönəmdə edirik. Ətrafımızda güvənlik və istiqrarın olmadığını, bunu qəbul edə bilməyəcəyimizi bir-birimizə bildirdik. Radikalizmə, terrora qarşı mübarizədə qərarlı olduğumuz göstərdik".

Həsən Ruhani nüvə məsələsində verdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib: "Yəmən məsələsindən də ətraflı danışdıq. Bu məsələdə uzlaşma nöqtələri əldə etdik. Yəməndə atəşin kəsilməsini istəyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi