​Türkiyə prezidenti: "Rusiyada iş adamlarımıza əziyyət verirlər"

​Türkiyə prezidenti: "Rusiyada iş adamlarımıza əziyyət verirlər" Rəcəb Tayyib Ərdoğan: "Millətimiz əzab-əziyyətə öyrəşib. Rusiyanın təbii qazı olmazsa, yandıq, məhv olduq kimi duruma düşməyəcəyik"
Region
2 Dekabr , 2015 10:14
​Türkiyə prezidenti: Rusiyada iş adamlarımıza əziyyət verirlər

Bakı. 2 dekabr. REPORT.AZ/ "Biz heç də həmişə təbii qazdan istifadə etməmişik. Millətimiz əzab-əziyyətə öyrəşib. Rusiyanın təbii qazı olmazsa, yandıq, məhv olduq kimi duruma düşməyəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

BMT-nin iqlim dəyişikliyi üzrə Parisdə keçirilən forumunda iştirakını başa vurub Qətərə yola düşən Türkiyə prezidenti təyyarədə jurnalistlərə müsahibəsində bildirib ki, Rusiyadan başqa Azərbaycan, İran, İraqın şimalındakı muxtar bölgə və Qətərdən təbii qaz alırlar. 

R.T.Ərdoğan Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ilə bağlı bunları söyləyib: "Bu ilk hadisə deyil. Sərhədimiz yüz dəfələrlə pozulub. Ötən il Qara dənizdə sərhədimizi 15 dəqiqə pozdular. Onlara məsələ ilə bağlı xəbərdarlıq edəndə isə pilotlarının ingilis dilini bilmədiyini deyirlər. "Böyük -20"-liyin ("G-20") toplantısında (noyabrın 15-də Antalyada keçirilən toplantını nəzərdə tutur - "Report") mənə dedi ki, bunu qonaq kimi qəbul edək (Rusiya prezidenti Vladimir Putini nəzərdə tutur- "Report"). Mən də cavab verdim ki, dəvətsiz qonaq olmaz. Aralıq dənizində "Moskva" adlı kreyserləri gəmilərimizə problem yaratmağa başladı. Bunu ona söylədim. Dedi ki, xəbəri yoxdur, lazım olan tərbirləri görəcək".

Kremlin Türkiyəyə qarşı sanksiyalarından danışan R.T.Ərdoğna deyib ki, Rusiya diplomatik davranmır, hadisəyə emosional yanaşırlar. Türkiyə prezidenti hesab edir ki, Rusiya rəsmilərinin sanksiyalardan təcili bəhs etmələri xoşagələn deyil: "Rusiyaya qarşı hamı sanksiya tətbiq edərkən (Ukraynaya yönəli siyasətinə görə, Avropa İttifaqı, Avstraliya, Kanada, Yaponiya və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları nəzərdə tutur - "Report" ) biz bunu etmədik. Düşündük ki, strateji ortağımızdır, ərzaq malları da daxil olmaqla məhsullarımızı verməyə davam edəcəyik. Onların hərəkətinə baxın, "Bu məhsulları almayacağıq" - deyirlər. İş adamlarımıza əziyyət veririlər. Onlar dövlətə aid ciddiliyə uyğun gəlmir. Türkiyə bu məsələdə əsilliyini qoruyur. Biz onlara qarşı eyni davranışdan istifadə etmirik. Biz diplomatik dildən istifadə etməklə özümüzə yaraşanı edirik. Onların da tutduqları yolu dəyişəcəklərini gözləyirik".

Son xəbərlər

Orphus sistemi