Yuxarı

Türkiyə və İsrail əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər

Razılaşmanın İsveçrədə aparılan danışıqlar çərçivəsində əldə olunduğu bildirilir

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyə ilə İsrail rəsmiləri dövlətlərarası əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma diplomatik münasibətlərin bərpasını və səfirlərin paytaxtlara qayıdmasını da nəzərdə tutur.

Sözü gedən razılaşmanın İsveçrədə aparılan danışıqlar çərçivəsində əldə olunduğu bildirilir.

Xatırladaq ki, 31 may 2010-cu il tarixdə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi Aralıq dənizinin beynəlxalq sularında İsrail hərbçilərinin hücumuna məruz qalmışdı, baş vermiş insidentdə 10 günahsız insan öldürülmüşdü. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi.

Yeni razılaşmaya əsasən İsrail tərəfi “Mavi Mərmərə” gəmisində öldürülən bütün şəxslərin ailələrinə kompensasiya ödəyəcək. Bu məqsədlə Türkiyə tərəfinə 20 milyon dollar vəsait köçürüləcək.

Bunun müqabilində Türkiyə İsrailə qarşı beynəlxalq məhkəmələrə göndərdiyi müraciətlərdən imtina edəcək.

Həmçinin, "Həmas" təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq. 

İsrailin Türkiyəyə təbii qaz ixracı mövzusu da ətraflı müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi