Yuxarı

Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlanıb, Baş Qərargah rəisini prezident təyin edəcək

Hərbi hospitallar Səhiyyə Nazirliyinin tabeliyinə verilib, Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra Türkiyədə tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində qanun qüvvəsində olan iki yeni qərar elan edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sənədlər avqustun 17-də "Resmi Gazet"də dərc olunub.

Sənədlərdə bildirilib ki, iyulun 15-dən sonra Türkiyənin Daxili və Xarici İşlər nazirliklərindən, Milli Təhlükəsizlik Təşkilatından (MİT) 2 350 işçi, Türkiyə Silahlı Qüvvələrindən 1356 zabit, gizir və ixtisaslı çavuş kənarlaşdırılıb, İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının isə 196 əməkdaşı işdən çıxarılıb: "Hərbi Dəniz Qüvvələrindən 6 zabit, Hərbi Hava Qüvvələrindən 24 zabit, Sahil Mühafizə Xidmətinin isə 24 əməkdaşı işdən azad edilib".

Qərarlarda qeyd olunub ki, fövqəladə vəziyyət rejimi dövründə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb: "Bundan sonra hərbi hospitalların heyəti Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Dövlət müəssisələrində işləmək üçün 2010-cu ildə imtahan verərkən saxtakarlıqla köçürmə edənlərin əldə etdikləri nəticələr ləğv olunacaq. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini bundan sonra prezident təyin edəcək. 4 illik hərbi fakültələrdə təhsil alan məzunlar zabit ola biləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi