Yuxarı

​Türkiyə Böyük Millət Məclisinin komissiyası Almaniya Bundestaqına müraciət edib

Xalqların Demokratik Parityası müraciətə qoşulmayıb

Bakı. 2 iyun. REPORT.AZ/ "Almaniya Bundestaqı Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına xidmət etmək məsələsində səmimidirsə, düşmənçilik və intiqam hisslərini miras qoymamalı, tarixi təhrif etməkdən əl çəkməli, yeni nəsillər arasında dostluq və barışın yaranamsına çalışmalıdır".

"Report" xəbər verir ki, bu fikirlər Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının Almaniya Budestaqına göndərdiyi müraciətdə qeyd olunub.

1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisə ilə bağlı qanun layihəsinin Almaniya parlamentində müzakirəyə çıxarılmasına etiraz edən komissiya üzvləri Bundestaq deputatlarını bu addımdan çəkinməyə çağırıblar. 

Müraciətdə qeyd olunub ki, Almaniya Bundestaqının irəli sürdüyü "keçmişin uçurumlarını aradan qaldırmaq məsələsində türklər və erməniləri dəstəkləmək" kimi arqumentlər gülüncdür. 

Komissiya üzvləri bildirib ki, bu layihənin qəbulu Türkiyə ilə Almaniya arasında dostluq və müttəfiqliyə zərər vuracaq və bu da ciddi narahatlıq yaradır: "Belə bir layihənin Bundestaqdan keçməməsi sağlam düşüncənin qalib gələcəyinin göstəricisi olacaq".

Qeyd edək ki, müraciəti Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasından olan üzvləri imzalayıb. Xalqların Demokratik Partiyasının (HDP) komissiyada təmsil olunan üç üzvü müraciətə qoşulmayıb. 

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 13:10 Bundestaqda qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi