Yuxarı

​Tbilisidə təbii fəlakət qurbanlarının sayı 5-ə çatıb

Hazırda 10 nəfər itkin düşmüş hesab olunur və onların axtarışları davam edir

Bakı. 14 iyun. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə baş verən daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Ölənlərin 3 nəfəri qadındır. Tbilisi şəhərinin valisi David Narmania bildirib ki, xilasedicilər ölənlərdən 3-nün meyitini aşkarlayıblar.

Xəbərə görə, Dövlət Təhlükəsizliyi Şurası və Böhranlar İdarəsinin rəhbəri Mindiya Canelidze sakinlərə gün ərzində zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamağı məsləhət görüb.

Məlumata əsasən, ötən gün yağan leysanlar nəticəsində şəhərin bir çox küçə və meydanları su altında qalıb, zirzəmiləri və yaşayış binalarının birinci mərtəbələrini su basıb.

Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, Tbilisinin xilasetmə xidmətləri daşqınların fəsadlarının aradan qaldırılması üçün fövqəladə rejimdə işləyirlər.

Su basmış Tbilisi zooparkı ərazisindən bir neçə heyvanın, o cümlədən şir və pələngin qaçdığı bildirilir. Qeyd edək ki, ölənlərdən biri zoopark işçisidir. 

KİV-in məlumatına əsasən, ötən gecə xəstəxanalara 20-dən çox xəsarət alan yerləşdirilib. Hazırda 10 nəfər itkin düşmüş sayılır və onların axtarışları davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi