Tbilisidə partlayış baş verən binanın dağıntıları altından ana və övladının meyitləri tapılıb - YENİLƏNİB

Tbilisidə partlayış baş verən binanın dağıntıları altından ana və övladının meyitləri tapılıb - YENİLƏNİB Tbilisi. 15 noyabr. REPORT.AZ/ Tbilisidə yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində ana və onun azyaşlı uşağı ölüb.
Region
15 Noyabr , 2018 18:13
Tbilisidə partlayış baş verən binanın dağıntıları altından ana və övladının meyitləri tapılıb - YENİLƏNİB

Tbilisi. 15 noyabr. REPORT.AZ/ Tbilisidə yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində ana və onun azyaşlı uşağı ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, binada həyata keçirilən axtarış-xilasedici əməliyyat zamanı onların meyitləri dağıntılar altında aşkar olunub.

Hazırda onların kimlikləri dəqiqləşdirilir. 

Bu gün səhər saatlarında binada baş vermiş partlayış binanın 3 və 4-cü mərtəbələrinin dağılması ilə nəticələnib. Hadisə zamanı Məmmədovlar ailəsinin 3 üzvü də xəsarət alıb. Onlar iki və üçüncü dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. 


*** 13:59

Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.

Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb.

Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir. Onlar dağıntılar altında partlayış zamanı mənzildə olan ana və onun övladını axtarırlar. 

Son xəbərlər

Orphus sistemi