Tbilisidə Gürcüstanda yaşayan milli azlıqların problemləri müzakirə olunub

Tbilisidə Gürcüstanda yaşayan milli azlıqların problemləri müzakirə olunub Əli Bədirov: "Gürcüstanda yaşayan azərbaycanlılar yerli icra hakimiyyətlərində və parlamentdə azlıq təşkil edirlər"
Region
19 Sentyabr , 2016 16:18
Tbilisidə Gürcüstanda yaşayan milli azlıqların problemləri müzakirə olunub

Tbilisi. 19 sentyabr. REPORT.AZ/ Bu gün Tbilisidə “Gürcüstanda yaşayan milli azlıqların inteqrasiyası və problemləri” mövzusunda konfrans keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə ölkədə yaşayan milli azlıqların seçki və təmsilçilik hüquqları, dövlət, hökumət və seçkili orqanlarda iştirakı məsələləri geniş müzakirə olunub.

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının prezidenti Əli Bədirov tədbirdə çıxış edib, azərbaycanlıların Gürcüstanın dövlət müstəqilliyinin möhkəmlənməsi və Avropaya inteqrasiyası istiqamətindəki xidmətlərindən və üzləşdikləri problemlərdən danışıb.

Gürcüstanın ombudsmanı Uça Nanuaşvili bildirib ki, onun ölkəsi Avropaya inteqrasiya edir: "Bu isə həqiqətən də milli azlıqların problemləri həll olunmadan mümkün deyil. Konfransın əsas məqsədi də həmin problemləri müzakirə etmək və həlli yollarını tapmaqdır".

Sonra Gürcüstanın barış və vətəndaş bərabərliyi nazirinin müavini Petre Kankava, USAİD-in Gürcüstan nümayəndəliyinin rəhbəri Tamara Sirbiladze, milli azlıqların nümayəndələri çıxış edib, məsələ ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, milli azlıqlar seçkilərdə fəal iştirak etməli, istədikləri namizədlərin parlamentdə, bələdiyyələrdə təmsil olunmalarına çalışmalıdırlar. Qanuni yolla seçilmiş nümayəndələr isə seçicilərinin hüquqlarının qorunması, problemlərinin həlli ilə bağlı hakimiyyət qarşısında məsələlə qaldırmalı və onların həllinə nail olmalıdırlar.

Ə.Bədirov “Report”a müsahibəsində deyib ki, azərbaycanlılar Gürcüstanın dövlət quruculuğu, dövlətin suveren hüquqlarının, ərazi bütövlüyünün müdafiəsində, müstəqilliyin möhkəmlənməsi istiqamətində əsl vətənpərvərlik nümayiş etdiriblər: "Gürcüstan onların da Vətənidir və azərbaycanlılar bu dövlətin daha da möhkəmlənməsi, Avropaya inteqrasiyası üçün əllərindən gələni edirlər. Ancaq buna baxmayaraq, azərbaycanlıların da hüquqları pozulur. Gürcüstanda yaşayan azərbaycanlılar digər milli azlıqlarla müqayisədə daha çox olsalar da, yerli icra hakimiyyətlərində və parlamentdə azlıq təşkil edirlər. Bunu bəzən azərbaycanlıların gürcü dilini bilməmələri ilə əlaqələndirilər. Amma bu düzgün deyil. Gürcü, rus, Azərbaycan, ingilis və digər dilləri bilən gənclərimiz çoxdur. Onlar da irəli çəkilməli, dövlət və bələdiyyə strukturlarında təmsil olunmalıdırlar. Bu da azərbaycanlıların problemlərinin həllinə mühüm töhfə verər".

Onun sözlərinə görə, milli azlıqların problemlərinin həlli ilə bağlı proqram və layihələrin həyata keçirilməsi vacibdir.

Son xəbərlər

Orphus sistemi