Yuxarı
    Bağlamaq

    Tbilisidə “Ənənəvi sənətkarlıq və dizayn” adlı beynəlxalq sərgi açılıb

    Azərbaycanlı dizaynerlərin təqdim etdikləri zinət əşyaları, xalçaçılıq, geyim və digər mədəniyyət nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb

    Tbilisi. 23 sentyabr. REPORT.AZ/ Tbilisidə “Ənənəvi sənətkarlıq və dizayn” adlı beynəlxalq sərgi açılıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, sərgidə azərbaycanlı dizaynerlərin əl işləri də nümayiş etdirilir.

    Tədbirdə natiqlər xalq sənəti incilərinin, xüsusilə də ənənəvi sənətkarlığın inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması və bu zaman yeni dizayndan istifadənin vacibliyini söyləyiblər.

    Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze “Report”a deyib ki, ənənəvi sənətkarlığın inkişafı qədim mədəniyyət nümunələrinin gənc və gələcək nəsillərə çatdırılması, eləcə də təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu nümunələrin yeni dizaynda təqdim olunması həm də yenilikdir. Mədəniyyətimizin, ənənəvi sənətkarlığın bu cür təqdimatı iştirakçı ölkələrin mədəniyyəti ilə yanaşı, turizm imkanlarının təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Biz bununla həm də mədəni əlaqələrimizin möhkəmlənməsinə töhfə vermiş oluruq”.

    “Qafqaz xalqlarının bir çox oxşar və fərqli xüsusiyyətləri var. Dünya ictimaiyyətinin də bunu bilmələri vacibdir” - nazir vurğulayıb.

    M.Georqadze sərgi çərçivəsində Azərbaycan guşəsinə də baş çəkib, azərbaycanlı dizaynerlərin ənənəvi sənətkarlıq nümunələrini yeni formada təqdim etməsini yüksək qiymətləndirib.

    Azərbaycanlı dizayner Nərgiz Abbasova “Report”a bildirib ki, Azərbaycan mədəniyyəti, incəsənəti və sənətkarlıq nümunələrini burada yeni dizaynda təqdim etməkdə əsas məqsəd xarici dövlətlərin nümayəndələrinin diqqətini ölkəyə cəlb etməkdir: "Bu həm də xalqımızın tarixinin, mədəniyyətinin, incəsənətinin, yaradıcılığının qədimiliyinin təbliğidir”.

    Azərbaycanlı dizaynerlərin təqdim etdikləri zinət əşyaları, xalçaçılıq, geyim və digər mədəniyyət nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi