Tbilisi. 18 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 18-də Tbilisidəki Cümə Məscidində Gürcüstanda yaşayan azərbaycanlılar üçün pulsuz müayinə aksiyası keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyada İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, Tbilisi Açıq Universitetinin tələbələri, şəhər sakinləri iştirak ediblər.
Tədbiri Gürcüstanın Aktiv Qadınlar Assosiasiyası və Gülnarə Rəsulzadə - Kvaçaxadze adına Gürcüstan-Azərbaycan Fondu birgə təşkil edib.
Fondun rəhbəri, endokrinoloq həkim, professor Rusudan Kvaçaxaradze “Report”a müsahibəsində deyib ki, bu gün Gürcüstanda endemik zob xəstəliyi, yod çatışmazlığı geniş yayılıb: "Bu da insanlar, xüsusən də qadınlar arasında ciddi problemlər yaradır. Aksiyanın məqsədi Gürcüstanda yaşayan azərbaycanlıları müayinə etmək, müalicələri ilə əlaqədar tövsiyələr verməkdir. Aksiyanın 20 Yanvar faciəsinin ildönümü ərəfəsində keçirilməsi də təsadüfi deyil.
Bununla biz dost və qardaş Azərbaycan xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik”.
Gürcüstanın Aktiv Qadınları Assosiasiyasının sədri Gültəkin Mustafayeva isə bildirib ki, bu cür aksiyalar davamlı olacaq. Məqsəd azərbaycanlı qadınlarda endemik xəstəlikləri vaxtında müayinə etmək və xəstələrə lazımi yardım göstərməkdir.