Tbilisidə Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Tbilisidə Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib Gürcüstanın paytaxtı Tbilisidə 28 may - Azərbaycanın Respublika Günü və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.
Region
28 May , 2019 23:20
Tbilisidə Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
Foto: "Report"

Gürcüstanın paytaxtı Tbilisidə 28 may - Azərbaycanın Respublika Günü və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstan Prezidenti Salome Zurabişvili başda olmaqla, xarici işlər naziri David Zalkaliani, müdafiə naziri Levan İzoria, Marneuli rayonunun icra başçısı Zaur Darğallı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, azərbaycanlı və gürcü deputatlar, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim klassik kvartetin hər iki ölkənin dövlət himnlərini ifa etməsi ilə başlayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb. O, deyib ki, AXC 23 ay fəaliyyət göstərsə də, Azərbaycan xalqının milli şüurunda böyük iz qoyub.

Diplomat müasir müstəqil və azad Azərbaycanın dünyada aparıcı mövqelər tutduğunu qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətin daha da inkişaf etdiyini və gücləndiyini qeyd edib.

D.Həsənov çıxışında Azərbaycan-Gürcüstan münasibətlərinə də toxunaraq tarixən iki dövlət və xalqın mehriban qonşu və qardaş olduğunu bildirib. O, ölkələr arasında qarşılıqlı anlaşma, sıx əməkdaşlıq və strateji tərəfdaşlığın olduğunu qeyd edib.

S.Zurabişvili çıxışında Azərbaycanı Respublika Günü münasibətilə təbrik edərək, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edib.

O, may ayının Cənubi Qafqaz bölgəsi üçün önəmli olduğunu vurğulayıb. Prezident müstəqillik yolunda Gürcüstan və Azərbaycanın birgə və oxşar yol keçdiyini qeyd edib.

Daha sonra tədbir klassik kvartetin ifasında Azərbaycanın klassik və xalq mahnılarının səsləndirilməsi ilə davam etdirilib. Sonda mərasimə qatılan qonaqlara Azərbaycanın milli mətbəx və şirniyyat nümunələrindən ibarət ziyafət verilib.

Son xəbərlər

Orphus sistemi