Tbilisi. 17 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Gürcüstanın paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Tbilisidəki 164 saylı məktəbin azərbaycanlı, gürcü şagirdlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə gələnlər əvvəlcə muzeyin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxıblar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Leyla Əliyeva tədbir iştirakçılarına 1990-cı il yanvarın 20-də sovet ordusunun paytaxt Bakıda və bölgələrdə törətdiyi misli görünməmiş qırğınlar barədə ətraflı məlumat verib. Sovet imperiyasının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyətini açıqlayıb, elə həmin il aprelin 9-da Tbilisidə şəhərində törədilmiş qırğınlar arasında müqayisələr aparıb.
O, məktəblilərə Azərbaycanın və Gürcüstanın müstəqillik uğrundakı mübarizə tarixi barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Sonra Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, muzeydə yaradılmış fotosərgi bir neçə gün davam edəcək.