Yuxarı

​Tarixçi: "Ermənistan Rusiya tərəfindən Osmanlı impreiyasına qarşı bir vasitə kimi yaradılıb"

Rusiya və Fransa Osmanlı imperiyasında yaşayan erməni əhalisinə qarşı hərbi-siyasi repressiyalara görə əsas mənəvi məsuliyyət daşıyır

Bakı. 29 aprel. REPORT.AZ/ "Ermənilərin "soyqırımı" məsələsi sırf siyasi məsələdir. O, süni olaraq və geosiyasi məqsədlərlə bağlı yaradılıb". Bu barədə "Report"a müsahibəsində rusiyalı siyasi analitik, tarix elmləri namizədi, "XX əsrdə transmilli erməni terrorizmin tarixi" kitabının müəllifi Oleq Kuznetsov bildirib.

"Hazırda Cənubi Qafqaz, Şərqi Anadoluda, yəni ümumilikdə bu coqrafi ərazidə türklər tərəfindən xeyli sayda ermənilərin öldürülməsinə  dair çox söhbətlər gedir. Lakin çox az sayda insan məsələnin bir cəhətinə diqqət yetirir: I Dünya müharibəsi zamanı Türkiyə 5 mln. insan itirib, onlardan 600 mindən 1,5 mln. qədəri erməni olub, qalan 3,5-4 mln. müsəlman əhalisinin başına bəs nə gəlib?", - rusiyalı politoloq qeyd edib. 

Onun fikrincə, 1915-ci ildə, əlbətdə ki, qarşılıqlı repressiyalar və qarşılıqlı qırğınlar da baş verib: "Lakin heç kimin səsləndirmədiyi və kitabımın təqdimat mərasimi zamanı qeyd etdiyim bir neçə məqam var. I Dünya müharibəsi dövründə həyat şəraiti indikindən çox fərqlənirdi. O zamanlar antibiotiklər, suyun təmizlənməsi üçün vasitələr və bizim üçün bu gün adi görünən bir çox əşyalar yox idi. 1915-ci ilin qışında 2 türk ordusu qış geyimi olmadığına görə Cənubi Qafqazda, Sarıqamışda donmuşdu. Daha sonra nə baş verdiyi haqda heç kim danışmır".

Politoloq vurğulayıb ki, aprelin 24-də Türkiyə və Ermənistanda keçirilən tədbirlər dünyanın bu məsələyə münasibətini nümayiş etdirdi. "Türkiyəyə Britaniya kral ailəsinin üzvü, müsəlman cəmiyyətlərinin nümayəndələri gəlib, Ermənistana isə dünya statuslu cəmi 2 nəfər - Fransa və və Rusiya prezidentləri gəlib. Məsələ burasındadır ki, Rusiya və Fransa Osmanlı imperiyasında yaşayan erməni əhalisinə qarşı hərbi-siyasi repressiyalara görə əsas mənəvi məsuliyyət daşıyır. Rusiya və Fransa rəhbərliyi - hansının daha çox dərəcədə olduğunu deyə bilmərəm, lakin keçmişdə baş verənlərə görə öz ölkələrinin mənəvi məsuliyyətini hiss edir", - Kuznetsov hesab edir.

O qeyd edib ki, hazırda ermənilərin iddialarını yenidən bir daha yoxlamağa qadir olan peşəkarlar olduqca azdır. "İndi elmi cəmiyyət üçün ciddi peşəkar tədqiqatlarla məşğul olmaqdansa, bəzi iddialara inanmaq daha asan və əlverişlidir. Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə qarşıdurması hər zaman mövcud olub, hətta sovet dövründə belə. Lakin Sovet İttifaqında proletar beynəlmiləlçilik siyasəti ölkənin rəsmi ideologiyası idi və milliyyətçiliyi nümayiş etdirmək istəyənlərin qarşısı dərhal qətiyyətlə alınırdı. Buna baxmayaraq, erməni tədqiqatçıları Sovet İttifaqında fürsət düşdükcə zaman-zaman arxiv araşdırmaları ilə fəal məşğul olublar. 

Hazırda erməni elmi cəmiyyəti ciddi və yaxşı tədqiq olunan mənbələrə malikdir. Qarşı tərəf, yəni onların opponentləri, vizaviləri bunu təqdim edə bilmirlər. Bu mənbələrin olmadığına görə deyil, sadəcə hazırda onların tədqiq olunub öyrənilmədiyinə görədir".

Dağlıq Qarabağ münaqişəsi probleminə Rusiyanın münasibətinə dair məsələni şərh edən O.Kuznetsov bildirib ki, onun fikrincə, adi Rusiya vətəndaşının bu münaqişəyə münasibəti 2 səbəbə görə laqeyddir: "İstənilən halda, Azərbaycan və Ermənistandan başqa digər ölkələr üçün Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi məsələdir. Özünüz başa düşürsünüz ki, Minsk qrupu bu istiqamətdə çox az  iş görür və ya heç bir iş görmür. Hər halda, bu səylər yalnız rəsmi və zahiri xarakter daşıyır. Heç kim bu münaqişənin həlli modelini hazırlamaq üçün nə siyasi, nə inzibati, nə maliyyə cəhətdən problemin həllinə maraq göstərmir.  Məsələ burasındadır ki, xüsusi xidmət orqanları ilə bağlı analitiklər istisna olmaqla, elmi cəmiyyətin geniş dairələri dövlət tərəfindən münaqişənin həlli modelinin hazırlanmasına dair sifarişlər almır. Ona görə də, müvafiq olaraq, akademik dairələr bu məsələyə tamamilə laqeyd yanaşır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi