Yuxarı

Türkiyə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün mübarizə aparacaq

Baş Assambleyada Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvünün seçkiləri keçiriləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 16-da BMT Baş Assambleyasında bu qurumun Təhlükəsizlik Şurasının 2015-2016-cı illər üçün beş yeni qeyri-daimi üzvünün müəyyənləşməsi üçün seçkilər keçiriləcək. "Report" xəbər verir ki, Qərbi Avropa və digər ölkələr qrupundan iki yerə üç ölkə - Yeni Zelandiya, İspaniya və Türkiyə iddia edirlər.

Latın Amerikası dövlətləri qrupundan bir yerə yalnız bir namizəd - Venesuela iddia edir. Həmin rəqabətsiz vəziyyət Afrika və Asiya - Sakit okean dövlətləri qrupunda da müşahidə olunur - iki yerə Anqola və Malayziya iddia edir.
Dekabr ayının 31-də Ruanda, Koreya Respublikası, Argentina, Avstraliya və Lüksemburq Təhlükəsizlik Şurasındakı yerlərini təhvil verəcəklər.

Təhlükəsizlik Şurası BMT-nin 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha on qeyri-daimi üzv hər il Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir. Hər il onların beş üzvü əvəz olunur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi