Səlahəddin Dəmirtaş: "Rusiya ilə əlaqələrə böyük əhəmiyyət veririk"

Səlahəddin Dəmirtaş: "Rusiya ilə əlaqələrə böyük əhəmiyyət veririk" "Təyyarənin vurulmasını doğru qərar saymıram"
Region
23 Dekabr , 2015 13:42
Səlahəddin Dəmirtaş: Rusiya ilə əlaqələrə böyük əhəmiyyət veririk

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşı Moskvada qəbul edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Dəmirtaş "bu ağır zamanda Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini" deyib.

Lavrov Dəmirtaşla "Suriyadakı vəziyyəti" də müzakirə edib.

HDP-nin həmsədri Türkiyənin sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasının doğru qərar olmadığını da vurğulayıb.

Dəmirtaş Rusiyada başqa görüşlər də keçirəcək.

Məlumata görə, o, Moskvada HDP-nin nümayəndəliyini açmaq istədiklərini də bildirib.

Qeyd edək ki, bu il oktyabrın 9-da Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Parisdə terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin (Demokratik Birlik Partiyasının) həmsədri Salih Müslimlə görüşmüşdü.

Bu səfərdən bir neçə ay öncə Salih Müslim Rusiyaya səfər etmişdi. Ehtimal edilir ki, həmin səfər zamanı o, Rusiya Suriyadakı kürdlərin muxtariyyətini dəstəkləyəcəyini vəd edib. Bundan başqa, Moskvanın Bəşşar Əsədlə terrorçu "PYD" arasında vasitəçilik edəcəyi iddiası da irəli sürülüb.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı rəsmi Moskvanın kürdlərə silahı İraq hökuməti vasitəsi ilə ötürdüyünü bildirmişdi.

Son xəbərlər

Orphus sistemi