Yuxarı

​Səfir: “Gürcüstandakı “Gülən məktəbləri”nin bağlanması üçün danışıqlar aparırıq”

“Son günlərdə xarici yatırımlarda ciddi artım müşahidə edilir”

Tbilisi. 27 iyul. REPORT.AZ/ Azərbaycanda Fətullah Gülənlə əlaqəsi olan təhsil ocaqlarının fəaliyyətinin dayandırılmasının ardınca qonşu Gürcüstanda da eyni addım atıla bilər.

Bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gömrükçü Tbilisidə keçirdiyi mətbuat konfransında “Report”un müxbirinin sualına cavab olaraq deyib.

“Bu məsələ ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır. Amma indiki mərhələdə mətbuata detallar barədə əlavə məlumat verməyimiz doğru olmaz”, - səfir bildirib.

Mətbuat konfransında bir çox məsələlərə toxunan səfir son hadisələrin Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı yazılanlara da münasibət bildirib: “Ölkəmizdə yaşananların həm Türkiyə, həm də regionun iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi fikrini qəbul etmirik. Əksinə, son günlərdə xarici yatırımlarda ciddi artım müşahidə olunur ki, bu da gələcəyə nikbin baxmağımızı təmin edir”.

Levent Gömrükçü bu məsələdə həm Gürcüstanı, həm də digər tərəfdaş ölkələri narahat olmamağa çağırıb.

Hazırda ölkəsində həyatın normal axara düşdüyünü deyən səfir istər Gürcüstan, istərsə də digər ölkələrdən olan turistlərin Türkiyəyə rahat şəkildə səfər edə biləcəklərini söyləyib: “Türkiyə prezidenti, baş nazir və turizm nazirinin də öz çıxışlarında vurğuladıqları kimi, hazırda ölkənin nə böyük şəhərlərində, nə də turizm bölgələrində yerli və xarici vətəndaşlar üçün heç bir təhlükə mövcud deyil”.

Bununla yanaşı, diplomat Türkiyəyə turist axınının müəyyən qədər azaldığını da əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi