Sabah Türkiyə Ali Hərbi Şurasının iclası keçiriləcək

Sabah Türkiyə Ali Hərbi Şurasının iclası keçiriləcək Çankaya köşkündə baş tutacaq iclasda bir ilk yaşanacaq
Region
27 İyul , 2016 14:10
Sabah Türkiyə Ali Hərbi Şurasının iclası keçiriləcək

Bakı. 27 iyul. REPORT.AZ/ Sabah Türkiyə Ali Hərbi Şurasının (YAŞ) iclası keçiriləcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, toplantı ilk dəfə olaraq Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi altında Çankaya köşkündə (hökumət evi) baş tutacaq. İndiyədək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı "Çaxmaq salonu"nda "çox gizli" keçirilən iclasa, həmçinin milli müdafiə naziri Fikri Işık da ilk dəfə qatılacaq. 

Məlumata görə, toplantıda Türkiyə Silahlı Qüvvələrində təltif və təyinatlarla yanaşı, Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi də ətraflı şəkildə müzakirə ediləcək. 

İclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Hərbi Dəniz Qüvvələri komandanı, admiral Bülent Bostanoğlu, Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Abidin Ünal, Genelkurmay Baş Qərargah rəisinin müavini, ordu generalı Yaşar Güler, Quru Qoşunlarının Təlim və Doktrina komandanı, ordu generalı Kamil Başoğlu, 1-ci ordu komandanı, ordu generalı Ümit Dündar, 3-cü ordu komandanı, ordu generalı İsmail Serdar Savaş, Ege ordu komandanı, ordu generalı Abdullah Recep, Hərbi Dəniz Donanmasının komandanı, admiral Veysel Kösele və Quru Qoşunları komandanlığının qərargah rəisi, ordu generalı İhsan Uyar da iştirak edəcək. 

YAŞ üzvü, ordu generalı Akın Öztürk və 2-ci ordu komandanı, ordu generalı Adem Huduti FETÖ-nun uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində barələrində həbs qətimkan tədbiri seçildiyindən toplantıya qatıla bilməyəcək. A.Hudutinin yerinə 2-ci ordu komandanının müavini, general-polkovnik İsmail Metin Temel iclasda iştirak edəcək. Bundan başqa, dövlət çevrilişi cəhdindən sonra səhhətində problemlər yaranması səbəbindən Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) müalicə olunan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Galip Mendi toplantıya qatılmaya bilər və onun əvəzinə müavini, general-polkovnik İbrahim Yaşarın iştirak etməsi gözlənilir. Bununla da Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətindən ordu generalları və admiralların qatıldığı iclasda ilk dəfə iki general-polkovnik iştirak edəcək. 

Toplantı əvvəlki illərdən fərqli olaraq bir gün olacaq və qərarlar ölkə prezidentinin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi