Yuxarı
    Bağlamaq

    Rusiyada "Zika" virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb

    Xəstə hazırda stasionar infeksiya boksundadır

    Bakı. 15 fevral. REPORT.AZ/ Dominikan Respublikasında istirahətdə olan rusiyalı qadın "Zika" virusuna yoluxub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə federal xidmətin rəsmi bəyanatında deyilir. Qeyd olunur ki, bu, Rusiya vətəndaşları arasında adıçəkilən virusa yoluxma ilə bağlı ilk haldır.

    Qadın dərhal xəstəxanaya çatdırılıb, hazırda o, stasionar infeksiya boksundadır. Xəstənin vəziyyəti qənaətbəxşdir. Mütəxəssislər həmçinin qadının ailə üzvlərini də nəzarət altına götürüblər.

    Federal xidmətdən eyni zamanda Rusiyadakı iqlim şəraitində virusun yayılma riskinin olmadığı da açıqlanıb.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı fevralın 1-də Qərb yarımkürəsində baş qaldırmış "Zika" virusunun qlobal sağlamlıq üçün təhlükə olduğunu açıqlayıb. Təşkilatda hamiləlik zamanı "Zika" infeksiyası ilə uşaqlarda qeydə alınan mikrosefaliya halları arasında əlaqə olması barədə ciddi şübhələr var. Hərçənd hələlik bu fərziyyə elmi təsdiqini tapmayıb. Virus daşıyıcıları isə "Aedes Aegypti" ağcaqanadlarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi