Yuxarı

​Rusiya Türkiyə ilə sərhəddə aviabaza inşa edəcək

Aerodromda rus təyyarələri yoxdur, lakin Pentaqonda hesab edirlər ki, onların orada görünməsi vaxt məsələsidir

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiya hərbçiləri və mühəndisləri Suriyanın şimal-şərqində Türkiyə ilə sərhəddə yerləşən Əl-Qamışlı şəhəri yaxınlığındakı istifadəsiz aerodrom ətrafında nəzərə çarpıblar.

"Report" xəbər verir ki, bu barədə yüksək çinli Amerika məmuruna istinadən "Fox News" məlumat yayıb.

Əl-Qamışlıda Suriya kürdləri yaşayır və buradakı hava limanı Suriya qoşunlarının nəzarəti altındadır.

"Bu, Rusiya ilə Türkiyə qarşıdurmasının növbəti nümunəsidir", — deyə amerikalı məmur bildirib.

Pentaqonda hesab edirlər ki, Rusiya sentyabrda Latakiyada olduğu kimi, burada da aviabaza tikmək niyyətindədir.

ABŞ Rusiyanın Türkiyə ilə sərhəddə yeni baza və hərbi kontingentinin meydana gəlməsinin regionda yenidən vəziyyəti gərginləşdirə biləcəyindən narahatdır.

Hazırda aerodromda rus təyyarələri yoxdur, lakin Pentaqonda hesab edirlər ki, onların orada görünməsi vaxt məsələsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi