Bakı. 15 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin 2015-ci il üçün ümumi gəliri 8,89 milyon rubldan (133,5 min ABŞ dolları) bir qədər çox olub. Bu isə 2014-cü illə müqayisədə 1,23 milyon rubl, yəni 18,5 min dollar artım deməkdir. Baş nazir Dmitri Medvedevin gəlirləri isə 700 min rubl (10,5 min ABŞ dolları) artıb və təxminən 8,78 milyon rubl (132 min dolları) təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Kremlin saytında bu gün dərc edilən gəlirlər barədə bəyannamədə məlumat verilib.
Vladimir Putinin bəyan edilmiş aktivlərinin siyahısında dəyişiklik yoxdur. Onun 2014-cü ildə olduğu kimi, 2 ədəd "QAZ M-21" avtomobili, "Niva" yolsuzluq avtomobili və "Skif" avtomobil qoşqusu, eləcə də 18 kvadratmetrlik qarajı, 77 kvadratmetrlik mənzili və 1500 kvadratmetrlik torpaq sahəsi var.
Bundan əlavə, Rusiya prezidentinin avtomobil parklama yeri və 153,7 kvadratmetr sahəyə malik mənzili var.