Yuxarı

Rusiya ombudsmanı Lapşin haqqında: "Xarici dövlətlərin qanunvericiliklərinə riayət edin"

Rusiya ombudsmanı Lapşin haqqında: "Xarici dövlətlərin qanunvericiliklərinə riayət edin"
Moskalkova bloqqerin Azərbaycana təhvil verilməsi ilə bağlı fikir bildirib

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova icazəsiz olaraq Dağlıq Qarabağa gedən bloqqer Andrey Lapşinlə bağlı fikir bildirərkən, ümumilikdə Rusiya vətəndaşlarına səfər edərkən xarici dövlətlərin qanunvericiliklərini öyrənməyin və ona riayət etməyin vacib olduğunu xatırladıb.

"Report" xəbər verir ki, bu barədə ombudsmanın saytında məlumat yerləşdirilib.

Bundan əlavə, Belarusda saxlanılan bloqqerin Azərbaycana təhvil verilməsinin yolverilməz olduğunu hesab edən Moskalkova, bu məsələdə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

İki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. O, təxminən bir aydır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi