​Rəcəb Tayyib Ərdoğan: "O, canlı bir tarix idi"

​Rəcəb Tayyib Ərdoğan: "O, canlı bir tarix idi" S.Dəmirəlin cənazəsini son mənzilə aparan təyyarə hava limanından qırıcıların müşayiəti ilə İsparta şəhərinə yola salınıb
Region
19 İyun , 2015 18:07
​Rəcəb Tayyib Ərdoğan: O, canlı bir tarix idi

Bakı. 19 iyun. REPORT.AZ/ "Rəhmətlik Süleyman Dəmirəl yarım əsrlik siyasi və dövlət idarəetməsində fəaliyyətinin hər addımında ölkəsinə dəyərli xidmətlər göstərib".

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində 9-cu prezident Süleyman Dəmirəllə vida mərasimindəki çıxışında bildirib.

"O, Türkiyənin gözəl və qaranlıq günlərinə də şahidlik etmiş canlı bir tarix idi. "Hər igid yoğurtu (süzmə) bir cür yeyər", - deyərlər. Süleyman Dəmirəl də bütün baxımlardan özünəməxsus siyasət və dövlət adamı idi. O, İspartanın İslamköyü kəndindən çıxdığını heç zaman unutmadı. Əksinə, bunu imkan düşəndə qürurla dilinə gətirdi. Bu, həm də onun milləti ilə güclü bağı idi. Siyasətlə uzun illər boyu məşğul olan hər kəs bilir ki, bu sahədə ayaqda qalmaq elə asan deyil.

Süleyman Dəmirəl bu tərzi ilə siyasətin simvolu halına gəlib. İstər İslamköydə tikdirdiyi qüllə, istərsə də Güniz küçəsindəki evi bundan sonra onu nəsillərə xatırladacaq, onun xatirəsini yaşadacaq əsərlər olacaq".

Türkiyənin keçmiş baş naziri, Süleyman Dəmirəlin qurduğu və uzun illər lideri olduğu Doğru Yol Partiyasının keçmiş sədri Tansu Çillər mərasimdə deyib: "Hamımızın başı sağ olsun. Bu gün söyləniləcəklərin hamısı deyildi. Artıq dua zamanıdır. Məkanı cənnət olsun İnşallah".

Türkiyə Böyük Millət Məclisində keçirilən tədbirin sonunda həkimi Aylin Cəsur Süleyman Dəmirəlin şapkasını tabutun üstünə qoyub.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki vidalaşma başa çatandan sonra cənazə top arabası ilə Kocatəpə məscidinə aparılıb. Orada cənazə namazı qılınıb və Bakı vaxtı ilə saat 17.00-da məsciddən Əsənboğa hava limanına gətirilib. S.Dəmirəlin cənazəsini son mənzilə aparan təyyarə hava limanından qırıcıların müşayiəti ilə keçmiş prezidentin doğulduğu İsparta şəhərinə yola salınıb.

Son xəbərlər

Orphus sistemi