Yuxarı

​Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi: Hakimiyyəti zorla dəyişməyə hazırlaşıblar

Ruslan Karasayev: Toxtar Tuleşov ölkədə sabitliyi pozmaqla gərginlik ocağı yaratmağa səy göstərib

Bakı. 6 iyun. REPORT.AZ/ Qazaxıstanda baş verən hadisədə tanınmış yerli iş adamı, pivə zavodunun direktoru Toxtar Tuleşov şübhəli bilinir.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi mətbuat xidmətinin təmsilçisi Ruslan Karasayev bildirib.

Onun sözlərinə görə, direktor və onunla birlikdə bir neçə nəfər zor gücü ilə ölkədə hakimiyyət çevrilişi etmək istəyirmiş: "İstintaq məlumatına əsasən, cənab Tuleşov keçən ildən hakimiyyəti zorla dəyişməyə hazırlaşıb. Bununla bağlı fəal addımlar atılıb. O, ölkədə sabitliyi pozmaqla gərginlik ocağı yaratmağa səy göstərib".

Toxtar Tuleşov "Şımkentpivo" Səhmdar Cəmiyyətinin direktorudur.

R.Karasayev deyib ki, direktorla yanaşı, daha bir neçə nəfər, o cümlədən ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev, Cənubi Qazaxıstan vilayəti Daxili İşlər İdarəsinin keçmiş rəisi Xibratulla Doskaliyev, həmin idarənin keçmiş rəis müavini Saken Aytbekov və iki hərbi hissənin komandirləri - Bekzat Jumin və Kayrat Pernebayev artıq müvəqqəti istintaq təcridxanasında saxlanılırlar.

Qeyd edək ki, Qazaxıstanın Aktoba vilayətinin eyniadlı mərkəzində keçirilən antiterror əməliyyatı nəticəsində 11 nəfər ölüb, 10 nəfər xəsarət alıb, iki nəfər tutulub.

Xatırladaq ki, Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir. Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.

Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi