Prezident müşaviri: "​İranda türklərin və kürdlərin çoxluq təşkil etdiyi yerlərdə dərslər ana dilində tədris olunacaq"

Prezident müşaviri: "​İranda türklərin və kürdlərin çoxluq təşkil etdiyi yerlərdə dərslər ana dilində tədris olunacaq" Əli Yunisi: "Bu layihə ilk növbədə İranın Kürdüstan əyalətindəki məktəblərdə həyata keçiriləcək"
Region
31 May , 2016 13:50
Prezident müşaviri: ​İranda türklərin və kürdlərin çoxluq təşkil etdiyi yerlərdə dərslər ana dilində tədris olunacaq

Bakı. 31 may. REPORT.AZ/ "Hökumət əhalisinin çoxunu türklər (Azərbaycan türklərini nəzərdə tutur - "REPORT") və kürdlər təşkil edən bölgələrdəki məktəblərdə dərslərin xalqın öz dili olan türk və kürd dillərində tədris edilməsi haqda tapşırıq verib".

"Report" İranın "Tesnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi müşaviri, keçmiş kəşfiyyat və təhlükəsizlik naziri (ETTELAAT-ın keçmiş başçısı) Əli Yunisi Qərbi Azərbaycan əyalətinin Piranşehr şəhərində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu layihə ilk növbədə İranın Kürdüstan əyalətindəki məktəblərdə həyata keçiriləcək: "Bundan sonra ölkənin başqa bölgələrində də bu tətbiq ediləcək. Kürd dilində ədəbiyyat üzrə ali təhsil ocağının açılması bu şəhərdə yaşayan xalqın illər əvvəl istəklərinin nəticəsidir. Bu istəyi hökumət həyata keçirib".

Xatırladaq ki, İran əhalisinin 30 milyondan çoxu Azərbaycan türküdür. İrandakı hakimiyyətlər, hökumətlər ötən illər ərzində türklərə yalnız vədlər verib. Bir müddətdir ki, kürdlərin yaşadığı yerlərdəki məktəblərdə dərslərin kürd dilində tədris olunması istiqamətində bir sıra işlər görülüb. Ancaq Azərbaycan türklərinin sayı çox olan - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Qəzvin, Ərdəbil, Mərkəz, Zəncan, Qəzvin, Əlburz, Həmədan, Tehran və başqa bölgələrdəki məktəblərdə ana dili tədris edilmir.

Qeyd edək ki, mayın 30-da İran prezidenti Həsən Ruhani mərkəzi Urmuiya şəhəri olan Qərbi Azərbaycan əyalətinə səfər edib. O, əyalətdəki kürdlərlə də görüşüb, onlara bir sıra vədlər verib, bu etnik qrupun milli - mədəni problemlərinin həlli istiqamətində gördükləri işlərdən danışıb. 

Son xəbərlər

Orphus sistemi