Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib - ƏLAVƏ OLUNUB

Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib - ƏLAVƏ OLUNUB Nursultan Nazarbayev: "Təşkilatın yeni tarixi başlayır"
Region
9 İyun , 2017 13:54
Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 13:18-də verilib

Astana. 9 iyun. REPORT.AZ/ Bu gün Qazaxıstan paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 17-ci sammiti keçirilir. 

"Report"un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, sammitdə çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, bugünkü tədbirdə Hindistan və Pakistan ŞƏT-ə üzv dövlət statusu alacaq: “Bununla da ŞƏT dünya əhalisinin 40%-ni, dünya iqtisadiyyatının isə təxminən 1/3 hissəsini əhatə edəcək. Bu sammitdə demək olar ki, təşkilatımızın yeni tarixi başlayır. Hazırkı iclas sonuncu dəfə altıtərəfli formatda keçirilir. Bu gün Hindistana və Pakistana ŞƏT-ə üzv dövlət statusunun təqdim edilməsi və onların təşkilata qəbulu prosesinin yekunlaşmasına dair qərarın imzalanması barəsində razılıq əldə etdik. Yeni üzvlərin qəbulu təşkilatın inkişafına güclü təkan verəcək, onun beynəlxalq nüfuzunun yüksəlməsinə kömək edəcək.”

Sammitdə ŞƏT-ə sədrlik Qazaxıstandan Çinə təhvil veriləcək. Tədbirdə regional təhlükəsizliyin təmin edilməsi, üzv ölkələrinn iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi və humanitar məsələlərin inkişafı kimi məsələlər müxtəlif aspektlərdə nəzərdən keçirilir.

Sammitdə təşkilata üzv dövlətlərin başçıları - Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Çin Xalq Respublikasının sədri Si Tszinpin, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Raxmon və Özbəkistan Prezidenti Şavkat Mirzieyev, habelə təşkilatın müşahidəçi dövlətləriin rəhbərləri - Əfqanıstan Prezidenti Mohammad Əşrəf Qani, Belarus Prezidenti Aleksandr Lukaşenko, Monqolustan Prezidenti Tsaxiaqiyn Elbeqdorj və İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpur iştirak edirlər.


Sammitin yekununda 11 sənəd imzalanıb. Bunların arasında Astana bəyannaməsi, ekstremizim qarşı mübarizəyə dair konvensiya və liderlərin beynəlxalq terrorizmə qarşı birgə bəyanatları yer alıb. Bundan başqa, sammit iştirakçıları Hindistan və Pakistanın ŞƏT-ə tamhüquqlu üzv dövlət qəbul edilməsi barədə sənədlərə imza atıblar. 

İmzalanma mərasimindən sonra N. Nazarbayev deyib ki, hər iki ölkə ŞƏT-in bütün tələblərini yerinə yetiriblər. Hindistanın baş naziri Narendra Modi isə bildirib ki, ölkəsi ŞƏT-lə əməkdaşlıqda yeni istiqamətlər müəyyən edəcək və regional kontekstdə terrorimzlə mübarizəyə yeni təkan verəcək, habelə Əfaqanıstanda sülh və sabitliyin güclənməsinə yardım edəcək. Pakistanın baş naziri Navaz Şərif isə sadəcə ŞƏT-ə üzv dövlətlərin rəhbərlərinə öz təşəkkürünü ifadə edib. 

Xatırladaq ki, hazırda ŞƏT-də Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi statusuna malikdir. Azərbaycan, Türkiyə, Ermənistan, Şri-Lanka, Kamboca və Nepal isə dialoq üzrə tərəfdaş ölkələrdir.

Son xəbərlər

Orphus sistemi