Novruz bayramı Gürcüstanın Laqodexi bölgəsində geniş qeyd olunub

Novruz bayramı Gürcüstanın Laqodexi bölgəsində geniş qeyd olunub Tədbir geniş idman və konsert proqramı ilə davam edib
Region
23 Mart , 2017 17:45
Novruz bayramı Gürcüstanın Laqodexi bölgəsində geniş qeyd olunub
Report.az

Tbilisi. 23 mart. REPORT.AZ/ Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Novruz bayramı münasibətilə böyük el şənliyi keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bayram şənliyində ilk dəfə Kaxeti bölgəsi qubernatoruluğunun, icra hakimiyyətinin rəhbər şəxsləri və parlamentin deputatı iştirak ediblər. Keçəl, kosa və bahar qızı qonaqları qarşılayıb, bahar şirniyyatına qonaq ediblər.

Qabal kənd icra hakimiyyəti nümayəndəsi Namaz Alaverdov tədbiri açaraq Novruz bayramının məziyyətlərindən danışıb.

Laqodexi Rayon İcra Hakimiyyətinin başçısı Kaxa Camburiya azərbaycanlıları və Novruz bayramını qeyd edən bütün insanları təbrik edib. O, azərbaycanlıların və gürcülərin bu bölgədə mehriban dostluq və qardaşlıq şəraitində yaşadıqlarını xüsusi qeyd edib.

Sonra Gürcütan parlamentinin deputatı Quram Macaraşvili, Kaxeti bölgəsi qubernatorun müavini Zurab Arsenaşvili və başqaları çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı sarsılmaz dostluq münasibətlərindən danışıb, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Novruz bayramının əsas xüsusiyyətləri haqqında geniş məlumat verən diplomat deyib ki, bu bayram sülh, birlik, bərabərlik və ruzi-bərəkət bayramıdır. O, bu bayramın xalqlarımıza sülh və firavanlıq gətirməsini arzulayıb.

Sonra Novruz tonqalı alovlandırılıb.

Tədbir geniş idman və konsert proqramı ilə davam edib. Pəhləvanlar maraqlı güləş və idmanın digər növləri üzrə güclərini sınayıblar.

İncəsənət ustaları müxtəlif el havaları və xalq mahnılarını ifa edib, şagirdlər Azərbaycan və gürcü xalqlarına aid şeirlər söyləyiblər.

Son xəbərlər

Orphus sistemi