Yuxarı

NIOC: Neftin qiymətinin aşağı düşməsi İrana Avropaya qaz təchizatı məsələsində üstünlük qazandırıb

Azizolla Ramezani: Bəziləri Avropaya qaz ixrac etməyin İrana iqtisadi cəhətdən sərfəli olmadığını deyir, amma bu, həqiqət deyil

Bakı. 8 yanvar. REPORT.AZ/ "Neftin qiymətinin aşağı düşməsi İrana Avropaya qaz ixracı planları baxımından müəyyən üstünlüklər qazandırıb".

"Report" "PressTV"yə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əlaqələr üzrə direktoru Azizolla Ramezani deyib.

Onun sözlərinə görə, İran lazımi texnologiya və investisiya əldə edəcəyi təqdirdə təbii qaz hasilatını artırıb, onun həcmini rekord həddə çatdıra bilər. Direktor bildirib ki, sanksiya rejimi şəraitində bu amillər İranın imkanlarını məhdudlaşdırır.

"ABŞ Avropanın Rusiya asılılığını azaltmaq üçün maye təbii qaz ixrac etməyə çalışır", - A.Ramezani qeyd edib.

Onun sözlərinə görə, İran da Avropa qaz bazarında öz payını almağa cəhd etməlidir: "Bəziləri Avropaya qaz ixrac etməyin İrana iqtisadi cəhətdən sərfəli olmadığını deyir, amma bu, həqiqət deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi