Bakı 17 yanvar. REPORT.AZ/ Aparılan tədbirlər nəticəsində muxtar respublikada 2016-cı ildə yanğın hadisələrinin sayı ötən illə müqayisədə 25 faiz, dəymiş ziyan isə 45,9 faiz azalıb.
"Report" xəbər veri ki, bunu MR-in fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən il “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq, obyektlərin layihələndirilməsi mərhələsində 85 obyektin layihə sənədləri yoxlanılıb, 39 obyektin işçi layihə sənədləri ekspertizadan keçirilib, 34 obyektin tikinti sahəsindən götürülmüş qrunt nümunələrinin laboratoriyada analizi aparılıb. Otuz iki müəssisədə 206 ədəd təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb, yeni istifadəyə verilən 27 lift, 2 eskalator, 174 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 38 kran və 58 lift texniki müayinədən keçirilib.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən 2215 obyektdə əsaslı, 2347 obyektdə nəzəri, 874 obyektdə isə məqsədli yoxlamalar aparılıb, qaz və elektrik cihazlarından düzgün istifadə edilməsi, həmçinin yanğınpartlayış və dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün fərdi yaşayış evlərinə və mənzillərə baxışlar keçirilərək quraşdırılmış 143 suqızdırıcının istismarı dayandırılıb.