Mövlud Çavuşoğlu: "İraq və Suriyaya keçmək istəyən 7200 nəfərdən çox xarici vətəndaşın adı "qara siyahı"ya salınıb"

Mövlud Çavuşoğlu: "İraq və Suriyaya keçmək istəyən 7200 nəfərdən çox xarici vətəndaşın adı "qara siyahı"ya salınıb" Türkiyə XİN rəhbəri: "ATƏT, BMT və digər qurumlar terrorizmlə mübarizədə daha qətiyyətli mövqe nümayiş etdirməlidir"
Region
5 Dekabr , 2014 17:24
Mövlud Çavuşoğlu: İraq və Suriyaya keçmək istəyən 7200 nəfərdən çox xarici vətəndaşın adı qara siyahıya salınıb

Bakı. 5 dekabr. REPORT.AZ/ "Türkiyə ərazisindən İraq və Suriyaya keçmək istəyən və adı qadağan olunmuş siyahıda yer alan xarici vətəndaşların sayı 7200 nəfərdən çoxdur". 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Terrorizmin hələ də beynəlxalq sülhə qarşı böyük təhdid olduğunu və bütün ölkələrin, eləcə də beynəlxalq birliyin bu sahədə əməkdaşlıq etmələrinin lazım olduğunu deyən nazir əlavə edib ki, Türkiyə hər zaman terrorizmlə mübarizəni dəstəkləyir: "ATƏT, BMT, Avropa Şurası və digər qurumlar terrorizmlə mübarizədə daha qətiyyətli mövqe nümayiş etdirməlidir. Terrorizmlə mübarizədə vətəndaş cəmiyyətinin də yer alması vacib məsələdir. Xatırladım ki, əcnəbi terrorçular qlobal bir təhdid ünsürüdür. Bunu daha əvvəl Əfqanıstan, İraq, Keniya, Liviya, Tunis, Çeçenistan və Somalidə gördük. Tək Suriya və İraqda deyil, həmçinin Ukraynanın şərqində də bunun şahidi olmuşuq. Ona görə də biz bunlardan dərs çıxarmalıyıq".

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə beynəlxalq aləmə dəfələrlə lazımi xəbərdarlığı edib, lakin onlar Suriyadakı böhrana cavab vermir: "İŞİD din adı altında və sosial media vasitəsilə 80-dən çox ölkədən insanları öz ətrafına toplamışdı, lakin terror qruplaşmasında iştirak edənlərin yarıdan çoxu məhz yerli vətəndaşlardır. Buna görə də yalnız xarici terrorçu amilini gündəmə gətirmək mövcud problemi həll etməz".

Türkiyənin terrorizmlə mübarizə sahəsində apardığı işlərdən danışan nazir deyib ki, xarici döyüşçülərin ölkəyə girişini məhdudlaşdıran qadağa siyahısında 7200 nəfərdən çox ad var: "2011-ci ildən bu günə qədər 1050 nəfər deportasiya edilib. Bütün bu cəhdlərə baxmayaraq, hələ də xarici döyüşçülərin axınını müşahidə edirik. Eyni zamanda deportasiya etdiklərimiz sərhəd keçidlərinə təkrar gəlirlər. Bunu nəzərə alıb Suriya sərhədindəki təhlükəsizlik tədbirlərini daha da gücləndirmişik". 

Son xəbərlər

Orphus sistemi