Yuxarı

Mövlud Çavuşoğlu: "İŞİD-ə qarşı daha tutarlı strategiya hazırlanmalıdır"

İŞİD-ə qarşı daha geniş tədbirlər həyata keçirilməli, dediklərimiz əməllərimizlə üst-üstə düşməlidir

Bakı. 3 dekabr. REPORT.AZ/ "Suriya hava məkanında qadağan olunan zonanın yaradılması məsələsində Türkiyə ilə ABŞ-ın mövqeyi üst-üstə düşür". "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun qərargahında İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan koalisiya ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin İŞİD-lə bağlı mövqeyi birmənalı şəkildə bəllidir: "İŞİD-ə qarşı daha geniş tədbirlər həyata keçirilməli, dediklərimiz əməllərimizlə üst-üstə düşməlidir. Hava zərbələri bu iş üçün kifayət olmadığından İŞİD-ə qarşı daha tutarlı strategiya hazırlanmalıdır. Suriya hava məkanında qadağan olunan zonanın yaradılması fikri ortaya çıxanda hər kəsin fərqli fikirləri var idi. Hətta bəziləri bunun nə demək olduğunu belə başa düşməmişdi. Lakin məsələnin mahiyyətini başa saldıqca ABŞ başda olmaqla daha ciddi tərəfdaşlar meydana çıxmağa başladı".

M.Çavuşoğlu qeyd edib ki, regionun bəzi ölkələri İŞİD-i özünə təhdid kimi görürdü: "Onlar da adı çəkilən qruplaşmaya qarşı daha ciddi mübarizə üsulunun aparılması lazım olduğunu bəyan edirlər. Çünki İŞİD bu gedişlə Suriya və İraqdan sonra həmin ölkələri hədəfə ala bilər. İŞİD-lə mübarizə aparan yeganə qurum Azad Suriya Ordusudur. Belə ki, digərləri öz maraqlarına, ya da məqsədlərinə görə daim tərəf dəyişdirir. Buna görə də Azad Suriya Ordusunun fəaliyyəti daha da gücləndirilməlidir. Bir tərəfdə Rusiyadan, İrandan və digər ölkələrdən silah alan rejim, digər tərəfdən də İraq ordusundan aldığı ağır silahları istifadə edən İŞİD var. Təbii ki, onlarla mübarizə aparmaq asan deyil. Bilirik ki, müxalifətin bu qədər təchizatı yoxdur. Onları gücləndirmək üçün nə etmək lazım olduğunu düşünürük".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi