Metsamor AES üzrə mütəxəssis: "Azərbaycana qarşı hərbi əməliyyatlar AES-də qlobal qəzaya səbəb olacaq"

Metsamor AES üzrə mütəxəssis: "Azərbaycana qarşı hərbi əməliyyatlar AES-də qlobal qəzaya səbəb olacaq" "Qarşı tərəfin ordusu Ermənistan ərazisində hədəfləri, o cümlədən "Metsamor" AES-i məhv etmək üçün müasir vasitələrə malikdir"
Region
6 İyun , 2017 12:04
Metsamor AES üzrə mütəxəssis: Azərbaycana qarşı hərbi əməliyyatlar AES-də qlobal qəzaya səbəb olacaq

Bakı. 6 iyun. REPORT.AZ/ "Metsamor" AES-də mümkün qəzanın gətirəcəyi itki təxminən 10 min nəfər olacaq.

"Report" xəbər verir ki, bu barədə "Metsamor" AES üzrə mütəxəssis A.X.-nin Ermənistanın "Express.am" nəşrində dərc olunan məqaləsində deyilir.

"Yaddan çıxarmamalıyıq ki, qarşı tərəfin ordusunun sərəncamında da məhvetmə qabiliyyətinə malik müasir tipli silah və sistemlər var və onların köməyi ilə qarşı tərəf Ermənistan ərazisindəki obyektlərə, həmçinin Metsamor AES-ə zərbələr endirə bilər. Sadə və təcrübəsiz oxuculara ilk növbədə izah edilməlidir ki, atom elektrik stansiyaları nədir və onların qeyri-peşəkar istismarı hansı fəlakətlərə gətirib çıxara bilər? AES-də atom reaktorunda əldə edilən istilik fırlanan turbogeneratorların hərəkəti üçün su buxarının alınmasına sərf edilir. Bu tip stansiyalarda qəzaların səbəbləri müxtəlifdir: operativ personal (əməliyyat heyəti) tərəfindən texnoloji intizamın pozulması, onların peşəkarlığındakı nöqsanlar, yəni “insan faktoru”, - müəllif bildirib.

Müəllifin fikrincə, "Metsamor" AES-də köhnəlmiş atom bloklarının istismarı ətraf mühit və qonşu ölkələr üçün risklidir.

"AES-də baş verən qəzadan sonra ən çox şüalanmaya məruz qalan insanlar əziyyət çəkir. Bu, orqanizmə ionlaşdırıcı şüaların mümkün həddi üstələyən miqdarlarda təsiri zamanı baş verir", - məqalədə deyilir.

Müəllif Avropanın demək olar, yarısının əzab çəkdiyi "Çernobıl" AES-də baş vermiş qəzanın nəticələrini yada salıb.

"Xatırladım ki, o dövrdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qətiyyətsizliyi və səriştəsizliyi səbəbindən yod profilaktikasının aparılması barədə qərar 6 may 1986-cı il tarixində gecikdirilməklə verilmişdi. Nəticədə minlərlə insan qalxanvari vəzinin yüksək dozada şüalanmasına məruz qaldı. Hazırkı dövrdə biz Çernobıl qəzasına bənzər fəlakətin təkrar olunacağından tamamilə sığortalanmamışıq. Elə AES-in ölkəmizdə olması artıq müəyyən zəhərlənmə riski və təhdidi yaradır", - müəllif qeyd edib.

Onun sözlərinə görə, Ermənistan bu gün qarşı tərəfi onun iri şəhərlərinə, əhalisinin sıx yaşadığı rayonlarına, sənaye obyektlərinə zərbə endirməklə təhdid edirsə, anlamalıdır ki, qarşı tərəf də, öz növbəsində, sakit dayanmayacaq, bu addımları cavabsız qoymayacaq, Ermənistandakı vacib hədəflərə zərbə endirəcəklər: "Təkcə Metsamor AES-in vurulması nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər".

Mütəxəssis qeyd edib ki, "Metsamor" AES-in nüvə reaktorunun gücünün "Çernobıl" AES-in gücündən az olmasına baxmayaraq, qəza 1986-cı ildə olduğu kimi qlobal miqyaslı ola bilər. O zaman çirklənmə Ukrayna ilə yanaşı, Belarus, Rusiya, Polşa, Norveç və bir çox digər Avropa ölkələrinə yayılmışdı. Odur ki, "Metsamor" qəzası nəticəsində heç şübhəsiz ki, “radioaktiov bulud” nəinki stansiyaya yaxın yaşayış məntəqələrini bürüyəcək, hətta Ermənistanla həmsərhəd ölkələrin ərazilərinə də keçəcək.

Mütəxəssisin fikrincə, "Metsamor" AES-də baş verə biləcək mümkün qəza zamanı itkilər təxminən 10 min nəfərədək olacaq və onlardan 3,5 min nəfəri tamamilə məhv olacaq.

"Bütün bunlardan nəticə çıxararaq bizim böyük strateqlərə bir daha xatırlatmaq istərdim ki, hər hansı bir addımın atılmasını planlaşdırmazdan əvvəl mümkün nəticələri, xüsusilə də qarşı tərəfin cavab tədbirlərini dərindən düşünmək lazımdır. Necə deyərlər, külək əsdirsən, fırtınada boğularsan!”, - AES üzrə mütəxəssis bildirib.

Son xəbərlər

Orphus sistemi